Kişi şahmatçılarımız Olimpiadada 1-cidir

Saxmat

Azərbaycanın kişilərdən ibarət komandası Norveçdə Ümumdünya Şahmat Olimpiadasında irəlidədir.

XALQ.AZ-ın məlumatına görə, Norveçin Tromsyo şəhərində Ümumdünya Şahmat Olimpiadasının 5-ci turu start götürüb.

Bu mərhələdə Azərbaycanın kişilərdən ibarət yığma komandası Serbiya komandası ilə görüşür.

Azərbaycan komandasında birinci lövhədə qrossmeyster Şəhriyar Məmmədyarov oynayır, onun rəqibi İvan İvanişeviçdir. İkinci lövhədə arxasında Teymur Rəcəbov Miloş Perunoviçlə görüşür. 3-cü və 4-cü lövhələrdə Rauf Məmmədov və Qədir Hüseynov oynayırlar. Onların rəqibləri müvafiq olaraq qrossmeysterlər Robert Markus və Nikola Sedlakdır.

Dördüncü turdan sonra Azərbaycanın kişi şahmatçıları 8 komanda xalı və 12,5 şəxsi xal ilə 1-ci yeri tuturlar. Kişilər üçün beşinci turun əsas partiyaları Azərbaycan – Serbiya və Rusiya – Bolqarıstan görüşləri hesab edilir.

Qadınların turnirində Azərbaycan yığması 5-ci turda ABŞ komandası ilə oynayır. Birinci lövhədə qrossmeyster Gülnar Məmmədova İrina Kruş ilə, ikinci lövhədə beynəlxalq dərəcəli usta Xəyalə Abdulla Anna Zatonskix ilə, üçüncü lövhədə beynəlxalq dərəcəli qrossmeyster Türkan Məmmədyarova Tatev Abrahamyanla, dördüncü lövhədə beynəlxalq dərəcəli usta Səbinə İbrahimova Yekaterina Nemtsova ilə oynayırlar.

4-cü turdan sonra Azərbaycanın qadın şahmatçıları 6 komanda xalı və 11 şəxsi xal ilə 34-cü yeri tuturlar.

Beşinci turda qadın şahmatçılar üçün əsas görüşlər İndoneziya – Çin, Macarıstan –İran və Rusiya – Gürcüstan görüşləri hesab edilir.