KİV-nin maliyyələşdirilməsində dəyişikliklər edilib

 

4

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. AZADİNFORM xəbər verir ki, Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açaraq bildirib ki, iclasda iki məsələnin – “2014-cü ilin 1-ci rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının və cari məsələlərin” müzakirəsi nəzərdə tutulub.

Gündəlikdə dayanan birinci məsələ barədə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli Fondun büdcəsində KİV layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsait barədə məlumat verib. O, həmçinin, KİV layihələrinin maliyyələşdirilməsi şərtlərində bəzi dəyişikliklərin edilməsi zərurətini də qeyd edib. Bildirib ki, əvvəllər layihələrin icrası üçün 6 ay müəyyən edilib. KİV dinamik sahə olduğundan və intensiv dəyişikliklər qarşıya çıxdığından, layihələrin icra müddətinin 3 aya endirilməsi, buna uyğun olaraq müsabiqələrin ildə 2 dəfə deyil, 4 dəfə keçirilməsi məqsədəuyğun olardı.

V.Səfərli onu da bildirib ki, Fondun ötən dövrdə ayırdığı maliyyə yardımları ölkə KİV-lərinin texniki imkanlarının, dövriliyinin və tirajlarının artımına ciddi təsir göstərib. Bunu nəzərə alaraq, müsabiqəyə qatılmaq istəyən KİV-lər üçün tiraj və yayımla bağlı müəyyənləşdirilən şərtlərin dəyişdirilməsi, hər buraxılışın satış və ya abunə yolu ilə yayılması həddinin 750 nüsxədən 1000 nüsxəyə, tirajın isə 2000 nüsxədən 2500 nüsxəyə çatdırılması məqbul olardı.

Müşahidə Şurasının üzvü Əflatun Amaşov qeyd edib ki, iki il əvvəl müsabiqə şərtlərinə edilmiş əsaslı dəyişikliklərin, eyni zamanda göstərilən maliyyə dəstəyinin artırılması KİV-in inkişafına ciddi müsbət təsir göstərdiyi üçün, yeni müsabiqə şərtlərində tiraj və yayımla bağlı dəyişikliklər edilməsi realdır. Bununla yanaşı Ə.Amaşov maliyyələşmə ilə keçirilən müsabiqələrin ildə 2 dəfə deyil, 4 dəfə olmasında məqsədəuyğunluğunu vurğulayıb.