Komitənin ilk azərbaycanlı üzvü Nərgiz Paşayeva oldu

Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti, Oksford Universitetinin Nizami Gəncəvi adına Elmi mərkəzinin (www.orinst.ox.ac.uk/nizami-ganjavi-programme-study-languages-and-cultures-azerbaijan-and-caucasus) Azərbaycan tərəfdən rəhbəri, Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun (www.bfsac.org.uk) Qəyyumlar Şurasının sədri akademik Nərgiz Paşayeva Oksford Universitetinin Kansleri Lord Patten Barnesin rəhbərlik etdiyi Xeyriyyəçilər Komitəsinin üzvlüyünə təntənəli sürətdə qəbul edilib.

XALQ.AZ xəbər verir ki, Oksford Universitetinin Kansleri Lord Patten Barnesin dəvət məktubu ilə oktyabrın 11-də professor Nərgiz Paşayeva Kanslerin Xeyriyyəçilər Komitəsinin 28-ci illik xüsusi mərasimində həmin şərəfli titulu qəbul etmək üçün iştirak etdi. Bununla yanaşı, diqqətləri çəkən və Oksford Universiteti tarixinə yazılan bir qərarın seremonial icrası da baş tutdu. Belə ki, Oksford Universiteti rəhbərliyinin və Elmi Şurasının qərarı ilə Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun adı Kanslerin Xeyriyyəçilər Komitəsinin daimi üzvü kimi dünya şöhrətli alimlər, ictimai xadimlər və nüfuzlu təşkilatlarla yanaşı, XVII əsrə aid Klarendon binasının Arkasında Xatirə Lövhəsinə həkk olunub.

Qeyd edək ki, Oksford Universitetində xüsusi xidmətləri olan şəxslər arasında ilk dəfə azərbaycanlı alim Nərgiz Paşayeva Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsində rəsmən daimi təmsil olunub. Beləliklə, N. Paşayeva son reytinqə görə dünyanın birinci ali məktəbi sayılan Oksford Universitetinin tarixində xüsusi xidmətləri olan alimlərdən, ictimai xadimlərdən və nüfuzlu təşkilatlardan ibarət Kanslerin Xeyriyyəçilər Komitəsinə üzvlüyə qəbul edilən və universitetin xüsusi mantiya və qızılı ipli baş geyim dəsti ilə təltif edilən ilk azərbaycanlı oldu. Universitet tarixində xüsusi xidmətləri olan alimlərə verilən bu şərəf professor Nərgiz Paşayevanın əməyinə və onun təşəbbüsü ilə Oksford Universitetində yaradılmış Nizami Gəncəvi Elmi Mərkəzinin fəaliyyətinə verilən dəyərli qiymətin göstəricisidir. Protokola və ənənəyə uyğun olaraq Kanslerin Xeyriyyəçilər Komitəsinin üzvlüyünə qəbul edilən şəxslər Komitənin digər üzvlərindən qızılı sapla bəzədilmiş xüsusi geyimi ilə seçilirlər. Bununla da həmin üzvlərin Oksfordun akademik sahələrinə uzunmüddətli və çoxsahəli töhvə vermələri Oksford Universiteti tərəfindən böyük ehtiramla qəbul və qeyd olunur.

Xeyriyyəçilər Komitəsinin ənənəvi illik toplantısı Oksford Universitetinin ən görkəmli və sadiq dostlarını bir araya gətirir. Tədbirdə komitəyə yeni üzvlərin qəbul edilməsi və bir sıra mühüm elmi-tədqiqat işlərinin təqdimatı keçirilir. Həmin gün ən nüfuzlu alimlərin, xeyriyyəçilərin və təşkilatların adları əvvəl bildirdiyimiz kimi, başqalarından seçilərək xatirə lövhəsində həkk edilir. Həmçinin aktual məsələlərlə əlaqədar tanınmış alimlərin təqdimatları dinlənilir, universitet rəhbərliyi ilə müzakirələr aparılır. Rəsmi mərasimdən sonra universitetin yeni tədqiqat mərkəzlərinin bir hissəsinə baxış da keçirilir.

Ənənəyə uyğun olaraq bu il tarixi Divinity School (İlahiyyat Fakültəsi) binasında xüsusi mərasim keçirilib. Dünya miqyaslı alim və ziyalılarla yanaşı, professor Nərgiz Paşayevaya Oksford Universitetinin tarixində xidməti olan alim kimi mantiya və qızılı ipli baş geyim dəsti təqdim edilib. Sonra Kanslerin Xeyriyyəçilər Komitəsinin üzvləri və digər mərasim iştirakçıları Oksford Universitetinin Kansleri Lord Patten Barneslə görüşüb, xatirə şəkilləri çəkdiriblər.

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.