Konstitusiya Məhkəməsinin iclası təyin edildi-Seçkilərin nəticələri təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumu sabah arelin 11-də keçirilmiş prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı iclas keçirəcək.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən XALQ.AZ-a bildirilib ki, iclas aprelin 17-də saat 15:00-a təyin edilib.

Mərkəzi Seçki Komissiyası (MSK) dünən aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurub.

Seçki Məcəlləsinin tələblərinə əsasən, MSK-nın seçkilərin nəticələrini təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə göndərilib.

Seçkilərin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,02 faizini toplayıb.


Sonrakı yerlər aşağıdakı kimi bölüşdürülüb:

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3,12%;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3,02%;
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,03%;
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,52%;
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,38%;
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,17%;
“Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0,74%.

Moden.az saytı bildirir ki, ölkə qanunvericiliyinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə əsasən, prezident seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən elan etməlidir.

Konstitusiya Məhkəməsi seçkinin yekunlarını rəsmən elan etdikdən 3 gün sonra isə prezident seçilmiş şəxs Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içməlidir.

And içdiyi gündən Azərbaycan Respublikasının prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə görə, yeni seçilmiş Azərbaycan Respublikasının prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verməlidir.