“Kontakt Home”un şikayətləri niyə gizlədilir?

Sosial şəbəkələr adamların təkcə gündəlik həyat, siyasi və sosial hadisələr barədə fikirləri ilə dolu deyil. Hər bir sosial şəbəkə üzvü həm də müştəridir. Buna görə də biz sosial şəbəkələrdə tez-tez müştəri şikayətlərinin də yazıldığını görürük. Bu şikayətlərin əksini tapdığı xeyli qruplar da var. Amma bu qruplar zaman-zaman üzvlərinin etibarından sui-istifadə edirlər.

Məsələn, “facebook” sosial şəbəkəsində olan “Müştəriyəm, şikayətim var” qrupu uzun illər ərzində formalaşmışdı. Bu qrupda zaman-zaman müştərilər öz narazılıqlarını qeyd edir, şikayətlərini yazır, şirkətlər isə onlara cavab verir, problemin həlli yollarını göstərirdilər. Qrupda ən çox şikayət olunan mağazalardan biri isə “Kontakt Home” idi. Daha sonra, nələr oldu?

Əldə etdiyimiz məlumata görə, “Kontakt Home” qrupu aldı. Yəni pulla onu yarıdıcılarından aldı və bunun problemləri “həll etmiş” hesab etdi.

Bu da yetmədi. Onlar bu qrupu da biznesə çevirdilər və ödəniş və dost şirkətlərlə bağlı şikayətləri silmək, paylaşımına imkan verməmək, həmçinin “Kontakt Home”dan yazılan şikayətləri səhifədən yığışdırmaqla məşğul oldular.

Halbuki, əvvəllər bu qrup “Kontakt Home”dan alınan məhsulların xarab çıxması, qızıl zəmanət talonunun işə yaramadığı ilə bağlı şikayətlərlə dolub-daşırdı. İndi isə şikayətin “həlli yolu” tapılıb, qrupu almaq və şikayətəri yığışdırmaq. Üstəlik, digər şirkətlərə qarşı da “qara piar”ı gücləndirmək.

Amma “Kontakt Home”nin sahibi qara piar və haqsız reklam anlayışlarından yəqin ki yaxşı xəbərdardı. Bacarıqlı və uğurlu iş adamı bilməmiş deyil ki, medianın istənilən sahəsində “susdurma əməliyyatı” aparmaq və rəqibləri, digər biznes sahələrini hədəf almaq çıxış yolu deyil.

“Kontank Home” menecerlərinin o qrupda etdikləri etibar və nüfuzu itirməkdir. O telefonları da, kompüterləri də, planşetləri də geri qaytarmaq, təzəsini almaq mümkün olacaq. Amma etibarı və nüfuzu yox. Çünki müştəri ilə «kontakt» itib…