Könül Nurullayeva beynəlxalq videokonfransın müzakirələrinə qatılıb

Dünyanı cənginə alan koronavirus pandemiyası beynəlxalq tədbirlərin, nüfuzlu idman yarışlarının da formatına və qrafikinə təsirsiz ötüşməyib. Mövcud vəziyyətlə əlaqədar İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) İcraiyyə Komitəsi və 2021-ci ildə Türkiyədə keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunları ilə bağlı yaradılmış Əlaqələndirmə Komitəsinin videokonfransı baş tutub. 

XALQ.AZ xəbər verir ki, onlayn toplantıda iştirak edən millət vəkili, İHİF İcraiyyə Komitəsinin üzvü, 2021-ci ildə Türkiyədə keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunları ilə bağlı yaradılmış Əlaqələndirmə Komissiyasının üzvü Könül Nurullayeva da iştirak edib.

Videokonfransda İslam Həmrəyliyi İdman Federasiyasının rəhbəri şahzadə Əbdüləziz bin Türki əl-Faysal, Türkiyənin gənclik və idman naziri Mehmet Meherrem Kasapoğlu, həmçinin Milli Olimpiya Komitələri prezidentləri, eləcə də İHİF İcraiyyə Komitəsi və 5-ci İslam Həmrəyliyi Oyunları Koordinasiya Komissiyası üzvləri iştirak ediblər.

Videokonfrans zamanı koronavirus pandemiyası səbəbindən 2021-ci il Türkiyənin Konya şəhərində keçirilməsi nəzərdə tutulan 5-ci İslam Həmrəylik Oyunlarının tarixinin dəyişdirilməsinə baxılması ilə bağlı məsələ müzakirə olunub. 

Bu istiqamətdə müxtəlif təkliflər səsləndirilib.

İHİF İcraiyyə Komitəsinin üzvü, 2021-ci il Türkiyədə keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunları ilə bağlı yaradılmış Əlaqələndirmə Komissiyasının üzvü Könül Nurullayeva da öz növbəsində çıxış edərək, pandemiyanın oyunlara təsiri, həmçinin beynəlxalq idman tədbirinin keçirilmə vaxtının dəyişdirilməsilə bağlı fikirlərini bildirib, müvafiq təkliflər səsləndirib.

Sonda beynəlxalq öhdəlikləri nəzərə alaraq, Türkiyənin oyunlarla bağlı Təşkilat Komitəsinə yeni təkliflər hazırlayaraq, İcraiyyə Komitəsinin müzakirəsinə çıxarmaqla bağlı müvafiq tapşırıqlar verilib.

Xatırladaq ki, 4-cü İslam Həmrəyliyi Oyunları 2017-ci il 12-22 may tarixində Bakıda keçirilib. Bu beynəlxalq idman tədbiri 4 ildən bir keçirilir.