“Könüllülər hərəkatına dövlət səviyyəsində xüsusi əhəmiyyət verilir”

Hesab edirəm ki, Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin fəaliyyəti həqiqətən də qarşıya qoyulmuş hədəflərə uyğun qurulub. Ötən dövrdə görülən işlər belə deməyə əsas verir. Minə yaxın könüllü respublikanın 28 şəhər və rayonunda 6254 ailəyə dəstək göstərilməsində iştirak edib. Bu, olduqca yaxşı göstəricidir.

XALQ.AZ xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına cavab olaraq, könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək istiqamətində uğurla fəaliyyət göstərib. “Mən xüsusilə, “Böyüklərimizi qoruyaq!” devizi ilə minlərlə tənha ahıla, aztəminatlı ailəyə, şəhid ailələrinə, fiziki məhdudiyyətli şəxslərə könüllülərin göstərdikləri dəstəyin əhəmiyyətini vurğulamaq istəyirəm. İndiki dövrdə bu, bir tərəfdən bizim həmrəyliyimizi, birliyimizi nümayiş etdirməklə yanaşı, digər tərəfdən, xalqımızın, xüsusilə gənclərimizin milli dəyərlərimizə, tariximizə bağlılığının ifadəsidir”.

Soltan Məmmədov vurğulayıb ki, Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyinin “www.bizbirlikdegucluyuk.az” portalının yaradılması da təqdirəlayiq təşəbbüsdür. Qısa müddət ərzində çoxlu sayda xeyriyyəçi portala müraciət edərək bu xeyirxah təşəbbüsə qoşulub. Məhz bu portala və “Regional İnkişaf” İctimai Birliyinin Çağrı mərkəzinə edilən müraciətlər əsasında on minlərlə ailəyə sovqat çatdırılıb.

Milli Məclisin deputatı UNICEF-in Azərbaycan nümayəndəliyi və “Regional İnkişaf” İctimai Birliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə koronavirus pandemiyası ilə bağlı riskli əhali qruplarının maarifləndirilməsi layihəsini həyata keçirdiyini də xatırladıb: “Bu layihə çərçivəsində televiziyalarda tok-şou formatında müzakirələrin aparılması, eləcə də müxtəlif maarifləndirici materialların könüllülərin dəstəyi ilə Bakı şəhərində və regionlarda paylanılması nəzərdə tutulur. Bu fakt könüllülərin təbliğat-maarifləndirmə sahəsində də fəallıq və təşəbbüskarlıq göstərdiyini təsdiq edir”.

Soltan Məmmədov bildirib ki, karantin rejimi müddətində könüllülərin gördüyü işlər, həyata keçirdiyi tədbirlər Azərbaycanda könüllülər hərəkatına dövlət səviyyəsində xüsusi əhəmiyyət verilməsinin nə qədər düşünülmüş addım olduğunu bir daha təsdiq edir. Deputat qeyd edib ki, 2020-ci ilin Azərbaycan Prezidenti tərəfindən “Könüllülər ili” elan edilməsi xeyirxahlıq və təmənnasız kömək ənənələrinin təzahürü olan bu hərəkatın inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. O, pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılmasında da könüllülərin çox uğurla fəaliyyət göstərdiyini vurğulayıb, könüllülərin həvəsləndirilməsi üçün mexanizmlərin hazırlanmasının vacib olduğunu diqqətə çatdırıb.