Könüllülər postlardan qaçdı-Alay komandiri məhv edildi

Oktyabrın 21-i gün ərzində və 22-ə keçən gecə Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək vacib yüksəklik və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edilib.

XALQ.AZ bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin cəbhənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan var. Onların təxliyəsi üçün nəqliyyat vasitəsinin çatışmazlığı və yolların bağlı olması məlum olub.

Hadrut qəsəbəsindən şimalda yerləşən düşmənin artilleriya bölmələrinə yeni gətirilmiş könüllülər atəş mövqelərini tərk edərək qaçıb.

Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən artilleriya zərbələri nəticəsində düşmən ölən və yaralanan olmaqla çoxlu sayda itki verib. Alayın 3-cü taborunun komandiri Robert Hambartsumyan itkin düşüb, taborun qərargah rəisi isə məhv edilib. Yeraltı sığınacağın sıradan çıxarılması nəticəsində düşmənin şəxsi heyət arasında xeyli itki olub.

543-cü alayın müdafiə sahəsinə vurulan atəş zərəri nəticəsində şəxsi heyət arasında xeyli itki var. Alay komandiri yaralanıb, onun müavini, tabor komandiri Araik Hovakimyan, onun müavinləri, minaatan batareyası və bölüyünün komandirləri məhv edilib. 1-ci taborun bir bölüyünün şəxsi heyəti döyüşə girməkdən imtina edib.