“Koronavirus planlarımıza müəyyən təsir etsə də, bizi əsas yolumuzdan döndərə bilməz”

“Son illər kənd təsərrüfatı sahəsində müsbət dəyişikliklər baş verir. Elektron Kənd Təsərrüfatı Proqramı icra edilir. Fermerlərə subsidiyaların verilməsi mexanizmi təkmilləşdirilib və artıq kartlar da verilibdir. Bu, çox müsbət haldır, yəni, kənd təsərrüfatı müasir standartlara cavab verməlidir. Belə olan halda, əlbəttə ki, həm məhsuldarlıq artacaq, həm kənddə işləyən insanlar əmək sərf edəcəklər, həm də daxili bazarı təmin edəcəyik və xarici bazarlara da daha geniş çeşiddə məhsullarla çıxa biləcəyik”.

XALQ.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans müşavirəsindəki yekun nitqində bildirib.

İlham Əliyev deyib ki, kənd təsərrüfatı ilə bağlı olan əsas məsələ məhsuldarlığı artırmaqdır.

“Kənd Təsərrüfatı Nazirliyi artıq bu istiqamətdə işlər görür, demək olar ki, yetişdirilən bütün növ məhsullar üzrə məhsuldarlıq ildən-ilə artır. Amma biz bilməliyik ki, əhalimiz artır və daxili istehlak da artacaq. Ona görə kənd təsərrüfatının istehsalı yüksək templərlə inkişaf etməlidir ki, biz həm daxili tələbatı ödəyə bilək, eyni zamanda, ixrac bazarlarına da öz məhsulumuzu çatdıra bilək.

Hesab edirəm ki, qeyd etdiyiniz məsələlərin həlli üçün, əlavə vəsait ayrılmalıdır. Mikrokreditlərin verilməsi üçün Prezidentin ehtiyat fondundan vəsaitin ayrılması nəzərdə tutulmalıdır. Hesab edirəm ki, bu məqsədlər üçün 30 milyon manat vəsait ayrıla bilər və müvafiq Sərəncam layihəsi də hazırlansın, mənə təqdim edilsin.

Quraqlıqla bağlı dedikləriniz çox ciddi məsələdir, bu, böyük narahatlıq doğurur. Çünki bu meyl davam edə bilər. Bilirsiniz ki, dünyada iqlim dəyişikliyi ilə bağlı böyük narahatlıq var. Bəzi proqnozlar onu göstərir ki, Azərbaycanda bəlkə on ildən, iyirmi ildən sonra səhralaşma prosesi də istisna deyil. Ona görə biz bəri başdan buna hazır olmalıyıq. Keçən ilin quraqlığı bizə çox böyük problem yaratmışdı və hətta yaşlı insanlar belə quraqlığı xatırlamırlar. Bu il də quraqlıq gözlənilir. Ona görə su ehtiyatlarımızın səfərbər olunması, onlardan səmərəli istifadə edilməsi prioritet məsələyə çevrilir. Heç kimə sirr deyil ki, su olan yerdə məhsuldarlıq da artır və insanların dolanışığı da yüksəlir. Məhz bu məqsədlə ölkəmizdə bir neçə önəmli genişmiqyaslı layihə icra edilmişdir. Əgər Şəmkirçay su anbarı, Taxtakörpü su anbarı vaxtında tikilməsəydi, kanallar çəkilməsəydi, o sudan qidalanan rayonlarda böyük çətinliklər ola bilərdi. Biz son bir neçə il ərzində orta hesabla təqribən yüz min hektara yaxın torpağa suyun verilməsini təmin edirik. Bunlar vaxtilə suvarılmayan, yaxud da ki, suvarılması lazımi səviyyədə olmayan torpaqlardır. Ona görə bundan sonra da kənd təsərrüfatının və fermerlərin bu sahədə tələbatını ödəmək üçün gərək yeni proqram tərtib edilsin. Biz köhnə metodlarla gedə bilmərik. Çünki bu metodların səmərəliliyi özünü doğrultmur. İndi dünya texnologiyaları bütün sahələrdə inkişaf edir, o cümlədən meliorasiya sahəsində. Biz indi bu işləri dədə-baba üsulu ilə görə bilmərik. Yeni texnologiyalar tətbiq edilməlidir. Mənə verilən məlumata görə, bəzi yerlərdə suyun itkisi 40-50 faizə çatır. Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük investisiya qoyulub. Amma vaxtilə tikilmiş qurğuların, infrastrukturun bir çoxu çürüyüb və həm suyun çatdırılmasına imkan vermir, həm də ki, o sızmalar torpağın şoranlaşmasına gətirib çıxarır. Ona görə biz burada iki ziyan görürük. Onu da bilməliyik ki, bizim su ehtiyatlarımız o qədər də geniş deyil və əsas su mənbələrimiz sərhədlərimizin kənarında formalaşır. Ona görə hər damcı su bizim üçün önəmlidir. Bu məsələ ilə ciddi məşğul olmaq lazımdır. Sovet vaxtında tikilmiş su kanallarımızın demək olar ki, hamısı torpaq kanallardır. Son vaxtlar biz ancaq beton kanallar tikirik və vaxtilə tikilmiş torpaq kanalları betona alırıq. Beləliklə, su itkisinin qarşısını alırıq. Ancaq hesab edirəm ki, daha irəli baxmalıyıq. İndi dünyanın inkişaf etmiş ölkələrində, xüsusilə, bizim iqlimimizə oxşar iqlimi olan ölkələrdə təcrübə var, orada məhsuldarlıq da çox yüksəkdir və bu təcrübə Azərbaycanda tətbiq edilməlidir.

Ona görə hesab edirəm ki, bu sahədə ciddi irəliləyişə nail olmaq üçün xüsusi komissiya yaradılmalıdır. Su ehtiyatlarından səmərəli istifadə etmək üçün komissiya yaradılacaq. Hesab edirəm ki, komissiyaya Baş Nazirin müavini Şahin Mustafayev rəhbərlik etməlidir. Çünki Şahin Mustafayev İqtisadiyyat naziri işlədiyi dövrdə bu məsələ ilə fəal məşğul olub və mənə müntəzəm olaraq məruzələr edib. Komissiyada aidiyyəti qurumların rəhbərləri – Kənd Təsərüfatı naziri, İqtisadiyyat naziri, Ekologiya və Təbii Sərvətlər naziri, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətinin, “Azərsu” Səhmdar Cəmiyyətinin rəhbərləri və digər aidiyyəti qurumların rəhbərləri təmsil olunmalıdırlar ki, konkret tədbirlər planı hazırlansın. Demək olar ki, indi təhlillə bağlı materiallar və belə məlumatlar var. Əsas məsələ odur ki, nə etməliyik, hansı addımlar atmalıyıq. Yəqin, xarici mütəxəssisləri də cəlb etməliyik ki, bizə yaxşı məsləhətlər versinlər. Biz suyun hər bir damcısının qədrini bilməliyik”.

Prezident bildirib ki, hökumətin iqtisadi və sosial planları yerindədir:

“Koronavirus planlarımıza müəyyən təsir etsə də, bizi əsas yolumuzdan döndərə bilməz. Əlbəttə ki, indi bizim bütün səylərimiz koronavirusla mübarizəyə yönəldilib. Bu da təbiidir. Məhz bu məqsədlə mənim Sərəncamımla Baş Nazirin rəhbərliyi altında Operativ Qərargah yaradılıb. Qərargah çox səmərəli işləyir, 24 saat çalışır. Demək olar ki, mən də 24 saat əlaqədəyəm. Gün ərzində bəlkə də 5-6 dəfə zəngləşirik, danışırıq. Deyə bilərəm ki, əgər vaxtında bu addımlar atılmasaydı, əgər çox ciddi koordinasiya aparılmasaydı, bu gün biz daha da böyük problemlərlə üzləşə bilərdik. Biz özümüzü bu günə qədər demək olar ki, çox böyük problemlərdən qoruya bildik. Son iki günün dinamikası, yəni, xəstələrin və sağalanların sayı arasındakı dinamika müəyyən nikbinliyə yol açır. Amma mən hələ ki vaxtı qabaqlamaq istəmirəm, hələ ki təhlil aparılır. Bildiyiniz kimi, karantin rejimi ayın 20-nə qədər qüvvədədir. Növbəti həftə ərzində həm Operativ Qərargah, həm bütün digər aidiyyəti qurumlar öz təkliflərini verməlidirlər ki, ayın 20-dən sonra biz hansı addımları atmalıyıq, karantin rejimi qüvvədə qalacaq ya yox, qalacaqsa hansı formada qalacaq. Biz yumşalmaya nə vaxtdan başlaya bilərik. Biz bütün bunları gərək dəqiq bilək. Bir daha demək istəyirəm ki, əsas məsələ xalqımızı bu xəstəlikdən qorumaqdır. İqtisadiyyat bərpa olunar. Biz indi fəal işləyirik və işləyəcəyik ki, bu vəziyyətdən minimum itkilərlə çıxaq.

Koronavirusla bağlı addımlar ardıcıllıqla atılır. Bizdə indi 20-dən çox xəstəxanada xəstələr müalicə alır. Eyni zamanda, 4-5 ulduzlu otellərdə, o cümlədən Atletlər kəndində karantində olan vətəndaşlar yerləşdirilib. Biz artıq 70 mindən çox test keçirmişik və keçirilən testlərin sayına görə dünya miqyasında 30-cu yerlərdəyik. Həkimlərə diqqət göstərilir, onların maaşları 3, 4, 5 dəfə artırılıbdır. Biz maska istehsalına başlamışıq və bir müəssisə artıq fəaliyyətə başlayıb. Mənə verilən məlumata görə, digər müəssisə də fəaliyyətə başlayır. Bu da çox müsbət haldır. Əlavə 10 modul tipli xəstəxananın tikintisi artıq başlamışdır. Onlardan altısı dövlət, dördü isə özəl sektor tərəfindən inşa ediləcək. Bizim ən müasir xəstəxanamız – “Yeni klinika”, keçən ayın sonunda istifadəyə verildi. Bu 575 çarpayılıq ən müasir klinikamız koronavirus xəstələrinin sərəncamına verildi. Mən klinikanın açılışında qeyd etmişdim ki, biz bu xəstəliyə görə bu klinikanı vaxtından bir qədər əvvəl istifadəyə verdik və o tədricən fəaliyyətə başlayır. Son məlumata görə, artıq bu klinikada 100 koronavirus xəstəsi müalicə alır. Deməli orada çarpayıların istifadəyə verilməsi prosesi davam edir və bütün imkanlar maksimum səfərbər olunubdur.

Bizim bu sahədə görülən işlərə ən gözəl qiyməti Azərbaycan xalqı verir. Bir daha demək istəyirəm ki, mən minlərlə elektron məktub alıram. Bu məktublarda görülən işlərə görə minnətdarlıq ifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işlərə yüksək qiymət verərək Azərbaycanı koronavirusla mübarizə sahəsində nümunəvi ölkə adlandırıbdır.

Bütün bunlar deməyə əsas verir ki, biz bu bəlanı da dəf edəcəyik, bu mübarizədə qalib gələcəyik. Biz xalq olaraq artıq birlik, həmrəylik nümayiş etdirmişik, indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik. Belə olan halda biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq.

Azərbaycan xalqına cansağlığı və xoşbəxtlik arzulayıram. Sağ olun”.