Koronavirus xəstələri burada müalicə olunacaq – Prezident

Bu gün ölkəmizin ən böyük xəstəxanalarından biri olan yeni xəstəxana fəaliyyətə başlayır. Bu, çox əlamətdar hadisədir. Xəstəxana bütün müasir standartlara cavab verir.

XALQ.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında bildirib.

“Xəstəxananın binasının həm xarici görünüşü çox gözəldir, həm də memarlıq baxımından şəhərimizin simasına əlavə yaraşıq verir. Ən önəmlisi odur ki, bu xəstəxanada ən müasir standartlar tətbiq olunur, ən müasir avadanlıq alınıbdır, təchizatla bağlı bütün işlər ən yüksək səviyyədə görülübdür. Hesab edirəm ki, bu gün bu xəstəxana Azərbaycanda təchizat baxımından, avadanlıq baxımından və burada göstəriləcək xidmət baxımından aparıcı xəstəxanadır.

Bildiyiniz kimi, bu xəstəxana mənim təşəbbüsümlə inşa edilibdir. Yadımdadır, bu qərar qəbul olunanda bəziləri hesab edirdi ki, buna ehtiyac yoxdur. Çünki son illər ərzində ölkəmizdə bir çox xəstəxanalar inşa edildi və yeni böyük xəstəxananın inşası hesab olunurdu ki, lazımsızdır. Ancaq həyat onu göstərdi ki, bu, çox düzgün və vaxtında verilmiş qərar idi. Çünki sabahdan etibarən bu xəstəxanada koronavirus xəstələri müalicə olunacaqlar. Pandemiya başa çatana qədər bu xəstəxanada yalnız koronavirus xəstələri müalicə alacaqlar. Ona görə bu xəstəxananın işə düşməsi əlbəttə ki, koronavirusa qarşı mübarizədə bizə əlavə imkanlar yaradacaqdır”, – Prezident qeyd edib.