Küçə uşaqlarına həsr olunmuşdur

Resmiyye

Xalq.az Rəsmiyyə Sabirin yeni şeirlərini təqdim edir:

QOCA PALID 

…sən kötük doğulmamışdın.
Əvvəllər
uzun-uzun budaqların,
yaşıl-yaşıl yarpaqların
vardı.
Geniş dünya sənə dardı.
Sənin sevdiklərin vardı.
Sənə sevənlərin yardı,
qoca palıd.
Hər baharda
sevinərdin, şadlanardın,
əl-qol açıb oynayardın.
Buludlardan su istərdin.
Su verərdi göylər sənə.
Yuyunardın şeh içində.
Qızmar yayda
qanad açıb
qoruyardın insanları
günəşin qəzəbli baxışlarından.
Həsrət ətirli payızda
kövrələrdin ayrılıqlara.
…aylar keçdi, illər ötdü.
Ömrünə dəli qış gəldi.
Dondu ayaqların,
buz bağladı əllərin.
Baxıb donan bədəninə
köks ötürdün dərin-dərin,
qoca palıd.
İllər çox yormuşdu səni.
Ayrılıqlar vurmuşdu səni.
Sarı yarpaqların
qırmızı xəyanəti
yandırmışdı ürəyini.
Yerindəcə quruyub qalmışdın,
qoca palıd.
O zaman kötüyə çevrilmişdin.
Ayrılıqlara alışanda,
hər payız taleyinlə barışanda.
Sən kötük doğulmamışdın.
Mən bilirəm,
qoca palıd.

BAKI HAQQINDA KOLLAJ

Eyni şəhər,
müxtəlif evlər.
Bir yanda
əzəməti göz çıxaran
plazalardan
var-dövlət hayqırır.
O biri yanda
“Sulutəpə” adlanan ərazidəki
yastı-yapalaq evlər
insanlıq duyğularını
canlandırır.
Bu müxtəlif evlərdə
eyni talelər yaşanır.
Varlıların yoxsul qədərləri,
yoxsulların zəngin həyat təcrübələri var.
Biz bu şəhərdə
fərqlərin daha da artdığı,
ümidlərin azaldığı yerdəyik.
Burada riyazi hesablar belə
öz mövcudluğunu
şübhə altına salır.
Ey odlar yurdu,
ey küləklər şəhəri,
canımdakı,
qanımdakı Bakı.
Səni bütün uyğunsuzluqlarınla
birgə sevdim.

“Sahilsiz adam” silsiləsindən

GÖRƏSƏN KİMDİR BU ADAM

Tanrı göydənmi göndərib,
Görəsən kimdir bu adam?
Bu dünyada tənha-qərib,
Görəsən kimdir bu adam?

Ətrafa heyrətlə baxır,
Gördüklərinə karıxır,
Niyə bu qədər darıxır?…
Görəsən kimdir bu adam?

Sığışmayır yer üzünə,
Gecəsinə, gündüzünə,
Kədər dağılıb üzünə,
Görəsən kimdir bu adam?

Bu adam mənə doğmadı,
Tanış gəlir üzü, adı,
Xatırladır dostu, yadı,
Görəsən kimdir bu adam?…

BU GECƏ

Bu gecə payızın ölən günüdür,
Bu gecə doğulan qış ağlayacaq.
Ümidim öləcək bu son baharla,
Quru gözlərimdə yaş ağlayacaq.

Bu gecə kədərin dil açdı yenə,
Həsrəti qoxladım sənin yerinə,
Baxıb solan payız çiçəklərinə,
Bulaqlar susacaq, daş ağlayacaq.

Eh, bu gecə ərşə çəkilər yuxum,
Küləyə çevrilər çəkdiyim ahım,
Dünyanı dolaşar sərsəri ruhum,
Bir məzar qalacaq boş, ağlayacaq.

NEQATİV

Bir ömür həsr etdim
Sənin yoxluğuna.
Yaza bilmədiyim
hər şeirdə,
çəkə bilmədiyim
hər rəsmdə,
oxuya bilmədiyim
hər nəğmədə
Sən varsan.
Mənim sevgi sarayımda
hər zaman küllü-ixtiyarsan.
Sən
yaşanmamış günlərimin
neqativisən,
böyük eşqim!

QAYITDIM

Hamı yer üzündə həyat yaşadı,
Mən isə dərdləri yığıb qayıtdım.
“İnsan ömrü axar sudur ” dedilər,
Dərya tək içimə axıb qayıtdım.

Sığışa bilmədim nə günə, aya,
Mənim yaşadığım gəlməz ki, saya,
Ömür dedikləri bu tamaşaya,
Uzaqdan eləcə baxıb qayıtdım.

Qəm məni sızlatdı, döndərdi neyə,
Yer mənə dar gəldi, üz tutdum göyə,
Yanar ürəyimi söndürüm deyə,
Gözümün yaşını sıxıb qayıtdım.

ÖMÜR

Sən buna ömür dedin,
Mən yuxumu yozuram.
Alnımın yazısını,
Silib başdan yazıram.

Vaxt ötür aram-aram,
Çətin bir yerdə duram,
Gedirdim, qayıdıram,
İzlərimi pozuram.

Yük oldu ayım-ilim,
Daşıdım zülüm-zülüm,
Dur, qapını aç, ölüm,
Mən gəlmişəm, hazıram.

KÜÇƏ UŞAQLARINA HƏSR OLUNMUŞDUR

Sənə bir don alsam,
ulduzlar qədər parlaq.
Geyinsən
əynində işığı sönər.

Sənə bir yaylıq alsam,
günəş qədər isti.
Başını örtsən,
ürəyinin soyuğu
üşüdər səni.

Sənə bir ayaqqabı alsam,
zindan kimi
ağır gələr
yalın ayaqlarına.
Bakı şəhərinin
ağ işıqları
nurlandıra bilməz
qara günlərini.
Çox sevdiyin
fontanların suyu belə
soyuda bilməz
yanar ürəyini.
Sən hər şeydən çox
sevgiyə möhtacsan.
Haqqın olub
bahalı paltarlar kimi
ala bilmədiyin sevgiyə…

GƏZİRƏM

Ovcumun içində itirdim səni,
Düşübsən gözümdən iraq, gəzirəm.
Göyə bülənd olub ahım-fəryadım,
Salmışam dünyaya soraq, gəzirəm.

Ayrılıq dünyamı ikiyə bölür,
Həsrətin halıma şadlanır, gülür,
Qələmin gözündən yaşlar süzülür,
Dərdimi yazmağa varaq gəzirəm.

Hicranın səbrimi əlimdən alıb,
Payız tək ümidim solub, saralıb,
Bəxt ulduzum sönüb, dünyam qaralıb,
Tutmuşam əlimdə çıraq gəzirəm.

GƏTİRƏCƏK

Gəl çox da aldanma çiçəkli yaza,
Bu bahar ömrünə qış gətirəcək.
Qara saçlarına bəyaz qarları,
Quru gözlərinə yaş gətirəcək.

Odunda yanarsan sən dərdi-sərin,
İçində bir quyu qazılar dərin,
Sarala-sarala ölən günlərin,
Yaşının üstünə yaş gətirəcək.

Bu ömür yolunda min cür boran-qar,
Üstünə yüklənər savab, günahlar,
Bir zamanlar dara çəkdiyin ahlar,
Başının üstünə daş gətirəcək.

UNUDULAN ADAMA

…Həyatı elə də mürəkkəb zənn etmə!
Yol polisinin
rüşvət almasından
sadə nə var?
Yaşamaq istəyirsən?
Yazılmamış qanunları əzbərlə,
unudulan adam.
Yazılanlar yalnız görüntüdür,
imkansızlığın görüntüsü…
(Görüntünün aldadıcı
ola bildiyini unutma!)
Səni xatirə-xatirə unutdular.
Sən xatırlaya-xatırlaya yaşayacaqsan.
Xəstəxanada olduğun zaman
şəfqət almaq üçün
həkimlərə,
tibb bacılarına,
hətta xidmətçilərə belə
verdiyin rüşvəti xatırlayıb
acı-acı gülümsəyəcəksən.
Qaz idarəsində
arayış verən
məmurun
səni parantez içində görməsinə
qazdan betər yanacaqsan.
Seçkilərdə səsini iki manata satan
bacı-qardaşlarını unutmayacaqsan.
Unudulan adam.
Sən azadlığın əsirisən.
Məmləkət səsini satanların.
Bunu unutmasan,
yaşayacaqsan…

HƏYATIN DİBİNDƏN

Biz həyatın dibindəyik,
Tanrı da görmür bizləri.
Çəkdiyimiz ah qurutdu,
Keçilməyən dənizləri.

Nə ölüyük, nə də varıq,
Dərd əlindən ahu-zarıq,
Əldə çıraq axtarırıq,
Tapmayırıq gündüzləri.

Bu dərin, ipsiz quyudu,
İçində qəmin suyudu,
Gözümüzün yaşı yudu,
Biz qoyduğumuz izləri…

ALLAH

Üz tutdum dünyaya, yolum çən oldu,
Səadət dediyin məndən gen oldu,
Dərdimi saxladım, biri min oldu,
Öz-özümü yeyib bitirdim, Allah.

Bilməm, gördüklərim dərin yuxumu,
Ayılıb yenmişəm zəif qorxumu,
Özümdən alaraq ölməz ruhumu,
Yenə dərgahına gətirdim, Allah.

Ömür dedikləri bir anlıq imiş,
Bəxtimin sarayı viranlıq imiş,
Dünya başdan-başa qaranlıq imiş,
Yıxılıb özümü itirdim, Allah.

SÖZ 

Axan isti göz yaşlarım,
Soyuq əllərimdə solur.
Mən min il də gözləyərəm,
Ancaq gözlərim yorulur.

Əl üzmüşəm dünənimdən,
Bəxtim baxıb keçir gendən,
Heç bir xəbər yoxdur səndən,
Xəyalın təsəllim olur.

Sevinc mənə olub haram,
Qəm yeyirəm aram-aram,
Ürəyimi boşaldıram,
Axıb yerinə söz dolur.