Kürdəmir “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı – FOTO

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Kürdəmir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

XALQ.AZ xəbər verir ki, mərkəz Kürdəmir, Hacıqabul, Ağsu, Göyçay, Ucar və Zərdab rayonlarında qeydiyyatda olan 540 400-dən çox vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək.

Mərkəzin fəaliyyətə başladığı gün Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin təşkilatçılığı ilə Kürdəmir “ASAN Həyat” kompleksində “ASAN Həyat” Bahar Festivalı keçirilib.

Tədbirdə Novruz atributları və bahar əhval-ruhiyyəsini əks etdirən sərgilər, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkası təşkil olunub, həmçinin bölgələrdə yaşayan müxtəlif xalqların milli-mənəvi dəyərləri, folkloru, musiqi və mətbəxi nümayiş etdirilib.

Festival çərçivəsində tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı və milli personajlardan ibarət bayram tamaşaları, kəndirbaz oyunları, pəhləvan və idmançıların çıxışları da reallaşdırılıb.

Həmçinin “ABAD” publik hüquqi şəxsin “ABAD Gastro Village” layihəsi çərçivəsində Food trucklər (təkərli qoşqular) nümayiş olunub. Bu trucklərdə “ABAD” məhsullarından hazırlanmış fast foodların satışı həyata keçirilib.

Festival martın 3-dək davam edəcək.