Kurikulum hazırlıqları üçün kurslar açılacaq

Hər fənn üzrə kursun müddəti 2 aydır

Yeni təhsil proqramı (kurikulum) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kurslarında iştirak etmək istəyənlər üçün qaydalar açıqlanıb.

XALQ.AZ  xəbər verir ki, qeydiyyat 12 noyabr 2018-ci il tarixindən 7 yanvar 2019-cu il saat 23.59-dək aparılır. Dövlət İmtahan Mərkəzində 10 yanvar 2019-cu il tarixindən yeni təhsil proqramları (kurikulumlar) əsasında Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, tarix və ingilis dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları (yeni qruplar üçün) fəaliyyətə başlayacaq. Hər fənn üzrə kursun müddəti 2 aydır. Kurslar Bakıda, Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay, Şirvan və Şəmkir Regional Bölmələrində təşkil ediləcək. Hazırlıq kurslarında fənn kurikulumlarına dair məlumatı olan müəllimlər, metodistlər və pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər də iştirak edə bilərlər. Regional Bölmələr üzrə hazırlıq kurslarının müddəti və cədvəli qruplar komplektləşdikdən sonra (1 qrupda 10 nəfər) elan ediləcək. Qeydiyyat 12 noyabr 2018-ci il tarixindən 7 yanvar 2019-cu il saat 23.59-dək aparılır. Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra “hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat”dan keçmək lazımdır. Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil edilir, onlara sertifikat verilir. Onlar müqavilə əsasında ekspert və ya marker kimi Mərkəzlə əməkdaşlığa cəlb oluna bilərlər.

 

 

Orxan