LƏNKƏRAN ŞİH BAŞÇISININ HAVZAVA KƏNDINDƏ SƏYYAR GÖRÜŞÜ

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Havzava kəndində keçirib. Görüşü Lənkəran ŞİH başçısının Havzava inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qurban Quliyev açaraq bildirib ki, kənddə 485 təsərrüfatda 2238 nəfər əhali yaşayır. Bu ilin may ayının 10-da, Ulu Öndərin 90 illik yubileyi münasibətilə kəndə təbii qaz verilib. Hazırda 280 ailə mavi yanacaqdan istifadə edir. İcra nümayəndəsi daha sonra kəndin əsas yolunun asfaltlaşdırılmasının vacibliyini diqqətə çatdırıb, poçt, klub və kitabxana binalarının, eləcə də nümayəndəliyin yerləşdiyi inzibati binanın, həkim məntəqəsinin əsaslı təmirə ehtiyacı olduğunu bildirib.

Sonra kənd sakinlərindən Elnur Mənsumov, Surac Həsənov, Eyvaz Allahverdiyev və başqaları ürək sözlərini söyləyərək respublikamızda, eləcə də rayonda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərindən bəhs ediblr. Əhalinin rifahına xidmət edən çoxsaylı tədbirlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və İcra başçısı Taleh Qaraşova minnətdarlıqlarını bildirən çıxışçılar oktyabrın 9-da keçiriləcək prezident seçkilərində yekdilliklə cənab İlham Əliyevə səs verəcəklərini əminliklə söyləyiblər.
Sonra bir neçə sakin şəxsi xahişləri ilə İcra başçısına müraciət edib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov səyyar qəbul-görüşü yekunlaşdıraraq son 10 ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılmış uğurlardan ətraflı bəhs edib, sosial problemlərin həllinin cənab Prezidentin siyasətinin əsasını təşkil etdiyini bildirib, Ulu Öndər Heydər Əliyev məktəbində yetişmiş və formalaşmış cənab İlham Əliyevin hazırda Ümummilli Liderin siyasətini uğurla davam etdirdiyini, ölkəmizdə möhkəm ictimai-siyasi sabitliyin yaradıldığını və bu sabitliyi qoruyub saxlamağın vacibliyini diqqətə çatdırıb. İcra başçısı ölkə vətəndaşlarının təhlükəsizliyinin tam təmin olunduğunu xüsusi vurğulayaraq Azərbaycanın demokratik və hüquqi dövlət olduğunu söyləyib. Son 1 il ərzində dövlət başçısı tərəfindən Lənkəran rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair imzaladığı 6 Sərəncamdan irəli gələn vəzifələrin rayonumuzda hazırda uğurla icra edildiyini, bunun möhtərəm Prezidentimizin Lənkərana və lənkəranlılara göstərdiyi diqqət və qayğının təzahürü olduğunu bir daha diqqətə çatdırıb.
Taleh Qaraşov sonda bugünkü görüş zamanı irəli sürülən təkliflərin və kənddə mövcud problemlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin görüləcəyini bildirərək müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verib.