Lənkəranda 9 ayın yekunkarı müzakirə olunub

 

11

Oktyabrın 22-də Heydər Əliyev Mərkəzində Lənkəran ŞİH başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. Xalq.az xəbər verir ki, iclasda 2013-cü ilin 9 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 6-da Nazirlər Kabinetinin cari ilin doqquz ayının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr müzakirə edilib. Tədbiri Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov açıb. ŞİH başçısının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov 2013-cü ilin 9 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş hesabat məruzəsi ilə çıxış edib. Məruzədə qeyd edilib ki, uğurla davam etdirilən iqtisadi islahatlar nəticəsində ölkə iqtisadiyyatına keçən illə müqayisədə investisiya qoyuluşu artmış, inflyasiya minimum həddə enib. Ölkədə böyük tikinti layihələri icra olunub, çoxlu sayda istehsal və sosial obyektlər istifadəyə verilib.

Daim dövlətin diqqət mərkəzində duran qeyri-neft sektoru inkişaf etdirilib. Çox fərəhli haldır ki, qeyri-neft sahəsində qazanılmış bu nəticə hələ də çətin maliyyə problemləri ilə üz-üzə duran dünya iqtisadiyyatında ən yüksək göstərici hesab olunur.
Məruzədə daha sonra ölkə iqtisadiyyatında davam etmiş yüksəlişin Lənkəran rayonunun da sosial-iqtisadi tərəqqisinə müsbət təsir göstərdiyini və rayonda bütün sahələr üzrə artım əldə olunduğunu diqqətə çatdırılıb. Əlavə edilib ki, bununla belə hesabat dövrünün ən əlamətdar hadisəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhərimizə səfəri olub. Həmişə olduğu kimi Cənab Prezidentin bu dəfəki səfəri də yeni açılışlarla, xoş xatirəyə çevrilən görüşlərlə müşaiyyət olunub. Cənab Prezidentin xeyir-duası ilə ilk dəfə şəhər əhalisinin istifadəsinə dünya standartları səviyyəsinə uyğun içməli su verilib. Yaraşıqlı xarici görünüşə və çox mühüm sosial-mədəni əhəmiyyətə malik Gənclər Mərkəzinin, on minlərlə insanın çoxillik arzusu olmuş Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolunun asfaltlanmadan sonra açılışı, ən müasir tələblər səviyyəsində yenidən qurulmuş Mərkəzi Xəstəxana ilə tanışlıq bu səfərin ən yaddaqalan anları olub və bunların hər biri lənkəranlılara böyük sevinc bəxş edib. Rayon sakinləri cənab Prezidentin davamlı diqqət və qayğısını sonsuz minnətdarlıq hissi ilə qarşılayırlar.
Rayonda istehsalın dinamik artım səviyyəsi cari ilin doqquz ayında da saxlanılmış, həm sosial, həm də iqtisadi sahədə yüksək nəticələr qazanılıb. Əldə olunmuş müsbət dəyişilikləri rayon üzrə statistik göstəricilər də təsdiq edir. 2013-cü ilin doqquz ayında ümumi məhsul buraxılışı 21,3 faiz artaraq 282,5 milyon manat təşkil edib. Sənayedə 14 milyon manatlıq məhsul istehsal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.
Ümumilikdə sənayenin qeyri-dövlət sektorunda 9,9 milyon manat məhsul istehsal edilmiş, ümumi həcmdə xüsusi çəkisi 71,0 faiz təşkil edib. 2013-cü ilin 9 ayında sənayedə işləyənlərin orta aylıq əmək haqqı 9,2 faiz artaraq 250 manata çatıb.
Ötən müddətdə rayonda 1903 yeni iş yeri açılıb ki, bunun da 1539-u daimi iş yerləri olub.
“Nur-süd” MMC də “Pal-süd” markası ilə 6,5 milyon litr süd və süd məhsulları istehsal edilib. Nəqliyyatda özəl bölmənin inkişafı hesabına sərnişindaşıma 9,1 faiz, yükdaşımalar 6,7 faiz artıb. 4 saylı “Regional-nəqliyyat” MMC tərəfindən 2013-cü ilin doqquz ayında nəqliyyat vasitələrinə 1583 ədəd “Fərqlənmə nişanı” verilib, büdcəyə 39 min 49 manat vəsait köçürülüb. “Lənkəran-sərnişin” ASC tərəfindən sərnişinlərin rahatlığı üçün 5 ədəd yeni sərnişin avtobusları alınaraq xəttə buraxılıb.
Tarif gəliri proqnozu 9 ayda Lənkəran Regional Poçt Filialı və Lənkəran Telekommunikasiya Qovşağı üzrə 100 faiz yerinə yetirilib.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayonda yeni poçt binalarının tikintisi və rabitə sisteminin müasir texnologiyalar əsasında yenidən qurulması nəzərdə tutulub. Bu sahədə tədbirlər davam etdirilir.
2013-cü il ölkədə “İnformasiya Kommunikasiya Texnologiyaları” İli elan edilməsi ilə əlaqədar rayon Telekommunikasiya Qovşağı üzrə geniş tədbirlər həyata keçirilir. Şəhər EATS-4, EATS-5, Liman EATS-lərin, eləcə də rayonun 26 kəndində yeni nəsil texnologiyalı elektron ATS-lərin (NGN) quraşdırılması üçün hazırlıq işləri görülür.
Həyata keçirilən texniki tədbirlər nəticəsində rayonda geniş zolaqlı internet istifadəçilərinin sayı 8 min nəfərə çatdırılıb.
İKT-nin imkanlarından daha səmərəli istifadə məqsədilə Lənkəran Şəhər İcra hakimiyyətində operativ idarəetmə mərkəzi yaradılmış və 9 ərazi icra nümayəndəliyi yeni yaradılmış şəbəkəyə qoşulub. Bu layihənin tam icrasından ötrü müvafiq tədbirlər davam etdirilir.
Ölkəmizdə elektron xidmətlərin inkişafına böyük dəstək verilir. Hazırda dövlət orqanları tərəfindən 426 növ xidmət elektron qaydada aparılır.
Rayonda qaz çəkilişi işləri 78 briqadadan ibarət 4 tikinti təşkilatı tərəfindən həyata keçirilir. Indiyədək 48 kəndə, cari ilin 9 ayında isə 33 kəndə qazın verilməsi təmin edilib. Yaxın aylarda daha 8 kənd yaşayış məntəqəsinə təbii qazın verilməsi nəzərdə tutulub. Bu da rayon üzrə 85 faiz qazlaşma deməkdir. Şəhər üzrə qazlaşma 98 faiz təşkil edir.
Ötən dövrdə Lənkəran Su-kanal idarəsi tərəfindən şəhərin içməli su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması sahəsində müəyyən işlər görülüb. Lənkəran şəhərində su və kanalizasiya sisteminin yenidən qurulması işi “Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illər üçün sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na daxil edilib. Dəyəri 210 milyon manat olan layihə rayonun sosial-iqtisadi inkişafına qoyulmuş bütün investisiyaların cəmindən dəfələrlə çoxdur. Bu ilin 9 ayı ərzində 169 km yeni içməli su, 1 km kanalizasiya xətti çəkilib. Ümumilikdə bu gunə kimi müxtəlif diametirli 195 km içməli su və 21 km kanalizasiya xətləri çəkilib, 3456 ədəd SMART tipli su sayğacı quraşdırılıb. Xanbulan kəndində inşa edilən 10 min kub metr tutumlu su anbarının tikintisi başa çatmaq üzrədir. Hazırda bu sahədə işlər davam etdirilir. Layihənin icrası nəticəsində şəhər və rayon əhalisi dünya standartlarına uyğun təmiz icməli su ilə təchiz ediləcəkdir.
Cari ilin 9 ayında aqrar sahədə də işlər davam etdirilib. Bu dövrdə 95 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1 faiz çox olub. Hesabat dövründə 7500 hektar sahədə 125 min ton tərəvəz, 3380 ton taxıl, 5256 ton kartof, 6509 ton meyvə, 99,5 ton yaşıl çay yarpağı istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz 90 ton, meyvə 170 ton və taxıl 64,2 ton çox olub.
Cari ilin 9 ayında rayonda təhsilin maddi-texniki bazasının gücləndirilməsi üçün ardıcıl iş aparılıb. Dərs ilinin əvvəlində Vilvan kəndində 640 şagird yerlik yeni orta məktəb, şəhər 5 saylı uşaq bağçası üçün 110 yerlik bina tikilib istifadəyə verilib. Hazırda Bəliton kənd tam orta məktəbi üçün 220 şagird yerlik, Darquba kənd tam orta məktəbi üçün 220 şagird yerlik binanın tikintisi davam etdirilir. Şəhər 2 saylı orta məktəbin əsaslı təmiri başa çatmaq üzrədir.
Vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə evləri qəzalı vəziyyətə düşmüş ailələr üçün cənab Prezidentin göstərişi ilə Şəhidlər xiyabanı ərazisində 24 mənzilli yaşayış binası və rayonun Günəhir, Osaküçə, Bəliton, Vilvan və Havzava kəndlərində vətəndaşlar üçün fərdi yaşayış evləri tikilib istifadəyə verilib. Sözügedən yaşayış binası uzun illər təhlükəli şəraitdə yaşamış bu ailələrə cənab Prezidentin qiymətli hədiyyəsi olub.
Məruzə ətrafında Lənkəran ŞİH başçısının şəhər təsərrüfatı üzrə müavini Möhübbət Babayev, Lənkəran Elektrik Şəbəkəsinin rəisi Samir Rəsulzadə, Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsinin rəisi Allahyar Salayev, Lənkəran Qaz İstismar Sahəsinin rəisi Ceyhun Axundov və Lənkəran Su-Kanal İdarəsinin rəisi Rövşən Təhməzov çıxış edərək cari ilin 9 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat veriblər.
İclasa sədrlik edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov əvvəlcə oktyabrın 9-da keçirilən prezident seçkilərində möhtərəm İlham Əliyevin qazandığı parlaq qələbə münasibəti ilə bütün lənkəranlıları təbrik edib. Ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da əhalinin prezident seçkilərinin xoş təəssüratları altında yaşadığını vurğulayan İcra başçısı bildirib ki, Azərbaycan xalqı yenidən Heydər Əliyev siyasi kursunun davamına səs verib. Son 10 il ərzində Azərbaycanın daxili və xarici siyasətində qazanılan uğurlardan danışan Taleh Qaraşov ölkəmizdə demokratik, hüquqi, güclü və qüdrətli dövlətin yaradıldığını diqqətə çatdırıb. Prezident seçkiləri bir daha Heydər Əliyev siyasi kursunun alternativsiz olduğunu və xalqın iradəsinin təntənəsini sübuta yetirib. Ölkəmizdə seçkilər tam obyektiv, azad, demokratik və şəffaf şəraitdə keçirilib.
Lənkəranda da seçici fəallığının respublika səviyyəsindən yüksək olduğunu diqqətə çatdıran İcra başçısı rayonumuzda seçkiləri müşahidə edən ATƏT-in uzunmüddətli müşahidəçilər qrupunun Lənkəranda keçirilən seçkilərin tam obyektiv və şəffaf keçdiyini öz hesabatlarında açıqladıqlarını bildirib.
Taleh Qaraşov prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası zamanı fəallıq göstərən bütün lənkəranlıları bir daha təbrik edib, hamıya dərin təşəkkürlərini bildirib.
İcra başçısı daha sonra bildirib ki, 2013-cü ilin 9 ayı da əvvəlki illərdə olduğu kimi, mühüm uğurlarla başa çatıb. Doqquz ay ərzində sosial-iqtisadi həyatın bütün sahələrində rəvan inkişaf davam edib, nəzərdə tutulan proqram və layihələrin təqvim planına tam uyğun icrası təmin edilib. Həyata keçirilmiş tədbirlər nəticəsində bu dövrdə makro-iqtisadi vəziyyət sabit olmuş, ümumi daxili məhsul istehsalı artıb.
Taleh Qaraşov daha sonra ötən 9 ayda Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində qazanılmış nailiyyətlərdən ətraflı danışmış, qarşıda duran vəzifələri uğurla icra etməkdən ötrü idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verib.
20 22 08 09 10  12 13 14 15 16 17 18 19 24 26  28