Lənkəranda bilik günü təntənəsi- FOTOLAR

01

 

Lənkəranda 89 ümumtəhsil məktəbi, 51 uşaq bağçası, 6 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Rayonda yeni məktəblərin və uşaq bağçalarının tikintisinə, əsaslı təmirinə, təhsil müəssisələrinin infrastrukturunun və maddi-texniki bazasının yaxşılaşdırılmasına ildən-ilə diqqət artırılır.
Sentyabrın 16-da – Bilik Günündə Lənkəranda əsl bayram təntənəsi yaşandı. Vilvan kəndində Ədalət Hüseynov adına tam orta məktəbi üçün inşa edilmiş, respublikanın regionlarında analoqu olmayan 640 yerlik, üçmərtəbəli yeni məktəb binasının açılışına Lənkəran ŞİH-nin rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar və Vilvan kəndinin ictimaiyyət nümayəndələri toplaşmışdılar.
Bu münasibətlə keçirilən təntənəli mərasimi giriş sözü ilə açan məktəbin direktoru Əliniyaz Ağayev qloballaşan dünyamızda elm və təhsilə mühüm önəm verildiyini xüsusi vurğulayaraq bildirdi ki, Ulu Öndərimiz Heydər Əliyevin respublikamızda apardığı təhsil islahatlarını hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirir. Bu gün açılışına toplaşdığımız bu yeni məktəb binası da dediklərimizə əyani sübutdur.
Ə.Ağayev binanın istifadəyə verilməsi münasibətilə məktəbin pedaqoji və şagird kollektivi, Vilvan kəndinin bütün sakinləri, eləcə də Lənkəranın təhsil işçiləri adından ölkə başçısına dərin minnətdarlığını bildirdi və bu yüksək qayğıya təhsildə qazanılan uğurlarla cavab verəcəklərini əminliklə söylədi.
Məktəbin müəllimi Səxail Əzimov, valideyn Təmiraz Rəhimov və məktəbin şagirdi Gülər Rəhimova çıxış edərək minnətdarlıq duyğularını xoş sözlərlə ifadə etdilər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təbrik nitqində yeni dərs ilinin – Bilik Gününün respublikamızın bütün guşələrində əsl bayram təntənəsi ilə qeyd olunduğunu diqqətə çatdırdı. İcra başçısı əlavə etdi ki, dövlət başçımızın siyasi iradəsi ondan ibarətdir ki, respublikamızda elm və təhsil müasir tələblər səviyyəsində inkişaf etsin, məktəblərin şəbəkəsi yenilənsin və genişlənsin.
Bu gün Vilvan kəndində də sevincin sevincə qarışdığını söyləyən Taleh Qaraşov yeni tədris ilini yeni məktəbdə qarşılayan pedaqoji və şagird kollektivini səmimi qəlbdən təbrik etdi, onlara təhsildə yeni-yeni uğurlar arzuladı, ən səmimi və xoş arzularını bildirdi.
Sonra rəmzi qırmızı lent kəsildi və məktəbə baxış keçirildi.
Qeyd edək ki, 640 yerlik, üçmərtəbəli, 28 sinif otağından, idman zalından ibarət olan, 100 nəfərədək müəllim və texniki heyətin çalışdığı yeni məktəb binasının inşasına ötən ilin dekabr ayında “Gilan İnşaat” MMC tərəfindən başlanılmış və cari ilin avqust ayında tamamlanmışdır.


Sentyabrın 16-da şəhərimizin “Raypo” adlanan ərazisində “Gilan İnşaat” MMC tərəfindən inşa edilmiş ikimərtəbəli, 110 yerlik 5 nömrəli uşaq bağçasının da təntənəli açılış mərasimi keçirildi.
Bağçanın müdiri Aybəniz Hüseynova və valideyn Xalidə Fərəcova yeni uşaq bağçasının istifadəyə verilməsi münasibətilə Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevə və Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova minnətdarlıqlarını bildirdilər.
Bağçanın fidanları şeir söylədilər, rəqs etdilər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxışında respublikamızda təhsil islahatlarının uğurla icra edildiyini, yeni elm və təhsil müəssisələrinin açılışlarının artıq ənənə halını aldığını vurğuladı. Yeni istifadəyə verilmiş bu uşaq bağçasında fidanların müstəqil Azərbaycanın layiqli övladları kimi böyüməsini arzulayan İcra başçısı bağçanın kollektivini əlamətdar hadisə münasibətilə təbrik etdi, onlara ən səmimi və xoş arzularını çatdırdı.
Sonra rəmzi qırmızı lent kəsildi və bağçaya baxış keçirildi.


Sentyabrın 16-da – Bilik Günündə Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb-liseyində “Biliyi fəaliyyətə çevirək!” adlı bilik sərgisi keçirildi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər qonaqlar məktəbin həyətində məktəb şagirdlərinin əl işlərindən təşkil edilmiş sərgi ilə tanış oldular.
Şagirdlər bilik sərgisində nümayiş etdirdikləri əl işləri haqqında qonaqlara ətraflı məlumat verdilər.

 

02 03 04  06