Lənkəranda görülən işlər hansısa saytın, ya da portalın xoşuna gəlmək üçün görülmür

LENKERAN1

Lənkəran İcra Hakimiyyəti şəhər haqqında yanlış informasiyalar yayan bəzi internet saytlara müraciət edib. Xalq.az həmin müraciəti təqdim edir:

“19.08.2013 tarixdə internet səhifənizdə heç bir rəsmi dəlil, fakt göstərilmədən Lənkəran şəhər İcra Hakimiyyətinin mövqeyi yalan dolu açıqlamalar adlandırılır. Bu ən azı əxlaqa uyğun gəlməyən bir mövqedir. Çünki Həsən bəy Zərdabi ənənələrinə sadiq olan mətbuat işçisi yalnız həqiqəti söyləməli, milli tərəqqimizi, bu tərəqqinin nurunda həyata keçirilən xeyrül-əməl işləri təbliğ etməyi özünə başlıca vəzifə hesab etməlidir. Sizin yazılarınızda isə bunlar görünmür. Əksinə, reallıq inkar olunur. Hətta vəziyyət o yerə çatıb ki, şəhər İcra Hakimiyyəti kimi ciddi bir dövlət orqanının açıqlamasını da diqqətlə oxumadan oradakı faktlar təhrif olunur. Əvvələn Lənkəran şəhəri özünün Hava limanı, turizm infrastrukturu və digər imkanları ilə ölkəmizin cənub bölgəsində artıq mühüm əhəmiyyətli bir şəhərə çevrilmişdir. Hər il rayona çoxlu qonaqlar gəlir. Bütün bunlar nəzərə alınaraq Lənkəran şəhərinin hərtərəfli inkişafı istiqamətində əməli işlər görülür. Eyni zamanda, şəhərdə ən müasir tələblərə cavab verən su-kanalizasiya xətləri çəkiləndən sonra küçələr yenidən asfaltlanır, səkilər təmir olunur, küçə işıqlandırıcıları quraşdırılır. Göründüyü kimi bunlar sıradan bir işlər deyil, təsdiq olunmuş tədbirlər planına uyğun ciddi layihələrdir. Sizin yazılarınızda isə bu işlər “büdcə yeyintisi” kimi qələmə verilir. Sizi anlamaq olmur. Siz bu işləri həqiqətən görmürsünüz, yoxsa görmək istəmirsiniz? Elə misal çəkdiyiniz 15 yaşayış məntəqəsini birləşdirən Vilvan-Zövlə-Boladı-Liman avtomobil yolunun əsaslı təmirdən sonra yüksək keyfiyyətlə asfaltlanmasını Masallıdan Lənkərana həmin yolla gələrkən məgər görmürsünüz? Eləcə də, ölkə başçısının ardıcıl diqqəti və qayğısı ilə Lənkəranda həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri barədə bir kəlmə olsun belə yazmamağınız onu göstərmirmi ki, sizin məram və məqsədiniz tamam başqadır. Xalqın, hər bir vətəndaşın cənab Prezident İlham Əliyevə ürəkdən minnətdarlıq edərək bəyəndiyi bu inkişafı “peşəkar sayt” adlandırdığınız portalınızda işıqlandırmamağınız bunu sübut etmirmi? Eləcə də, adını belə dəqiq bilmədiyiniz, gah Şakir, gah Şükür adlandırdığınız Liman şəhər sakini Lənkəran Şəhər İcra Hakimiyyətinə bir dəfə də olsun belə, rəsmən müraciət etmədiyi halda onun adından yalan şikayət uydurursunuz. Əslində bu cür “peşəkarlıq”la sizin portalınız qeyri-ciddi mətbu orqan imici qazanır. Siz bilməlisiniz ki, yuxarıda sadalanan və kiçik bir yazıda sadalamağın mümkün olmadığı saysız-hesabsız digər işlər hansısa saytın, ya da portalın xoşuna gəlmək üçün deyil, insanların rahat, firavan yaşaması üçün, milli tərəqqimizin davam etməsi üçün görülür. Bu həqiqəti xalqımız görür və yüksək dəyərləndirir”.


Comments are closed.