Lənkəranda maarifləndirici tədbir keçirildi

Lenkeran

Lənkəranda “Sağlam ailə-Sağlam gələcəyin təminatıdır” mövzusunda maarifləndirici tədbir keçirildi

Avqustun 8-də N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birgə “Sağlam ailə – sağlam gələcəyin təminatıdır” mövzusunda maarifləndirici tədbir keçirmişdir. Tədbirdə Komitənin ekspertləri, Lənkəranda yerləşən N saylı hərbi hissənin əsgər və zabit heyəti, Şəhər İcra Hakimiyyətinin rəsmiləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak etmişdir.

XALQ.AZ xəbər verir ki, tədbiri N saylı hərbi hissənin qərargah rəisi, polkovnik-leytenant Babək Səmidli açmışdır.
Sonra AQUPDK sədrinin müavini Sədaqət Qəhrəmanova mövzu ilə bağlı ətraflı danışaraq hazırda bu sahədə olan vəziyyətlə bağlı məlumat vermiş, son dövrlər gənc ailələrdə yaranan müxtəlif problemlərdən danışmış, bu problemlərdən çıxış yolları ilə əlaqədar fikirlərini bildirmişdir. Komitə rəsmisi qeyd etmişdir ki, bu gün ölkəmizdə yeni qurulan ailələrin uzun ömürlü ola bilmələri, yarana biləcək ailədaxili problemlərin vaxtında və doğru həll edilməsi, boşanlamaların qarşısının alınması məqsədilə Komitə tərəfindən mütəmadi olaraq cəmiyyətin müxtəlif təbəqələri arasında ayrı-ayrı sahələr üzrə ekspertlərin iştirakı ilə maarifləndirmə tədbirləri həyata keçirilir. Xüsusilə gənc nəsil arasında ailə dəyərlərinin və adət-ənənələrin qorunub saxlanması, sağlam həyat tərzinin təbliği istiqamətində kütləvi maarifləndirici tədbirlər icra edilir. Tədbirlər zamanı bir sıra aktual mövzular haqqında ətraflı məlumatlar verilir, tədbir iştirakçıları ilə müzakirələr aparılır, Komitə tərəfindən nəşr edilmiş maarifləndirmə vəsaitləri tədbir iştirakçılarına təqdim olunur.
Çıxışı zamanı S.Qəhrəmanova həmçinin ailə institutunun möhkəmləndirilməsində milli-mənəvi dəyərlərin, ailə mədəniyyətinin rolu, nəsillər arası münasibətlərin qorunması və ötürülməsi, reproduktiv sağlamlıq, ailə ekologiyası, nikaha daxil olan şəxslərin tibbi müayinəsinin əhəmiyyəti, hüquqi maarifləndirmə, nikah müqaviləsinin zəruriliyi məsələlərindən və gənclərin psixoloji durumuna təsir edən amillər, onların aradan qaldırılması mexanizmlərindən ətraflı bəhs etmişdir.

Çıxışlardan sonra Komitə ekspertlərinin iştirakçılarla birgə mövzu ətrafında müzakirələri aparılmış, gənc əsgərlərin fikirləri öyrənilmiş, onların məsələyə baxışları diqqətlə dinlənilmişdir.