Lənkəranda növbəti görüş keçirilib

08

 

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü sentyabrın 25-də Kənarmeşə kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının Kənarmeşə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sahil Quliyev məlumat verərək bildirdi ki, nümayəndəlik Kənarmeşə, Seydəkəran və Şilim kəndlərini əhatə edir. 657 təsərrüfatda 2743 nəfər əhali yaşayır.
Sonra kənd sakinlərindən Fayaz Qasımov, Ülviyyə Əliyeva, Faiq Səfərov və başqaları çıxış edərək ürək sözlərini söylədilər, bu gün əraziyə 20 illik fasilədən sonra təbii qazın yenidən verilməsi ilə əlaqədar dövlət başçımız möhtərəm İlham Əliyevə minnətdarlıqlarını bildirdilər, Azərbaycan Prezidentinin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini söylədilər, ölkə başçımızın Lənkəran rayonuna göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdilər, oktyabr ayının 9-da keçiriləcək növbəti prezident seçkilərində cənab İlham Əliyevə bir nəfər kimi səs verəcəklərini xüsusi vurğuladılar.
Çıxışlarda 800 metrlik kəndara yolunun asfaltlaşdırılmasını, Kənarmeşə kənd tam orta məktəbinin əsaslı təmirə ehtiyacı olduğunu və kənddə həkim məntəqəsinin inşa edilməsinin vacibliyini İcra başçısının diqqətinə çatdırdılar.
Görüşü yekunlaşdıran Lənkəran ŞİH başçısı Taleh Qaraşov nitqində Azərbaycanın sürətli inkişafından, inkişaf etməkdə olan dövlətlər sırasında ölkəmizin layiqli yer tutmasından, qazanılmış iqtisadi uğurların ölkə vətəndaşlarının rifah halının daha da yaxşılaşmasına yönəlməsindən ətraflı bəhs etdi.
İcra başçısı həmçinin rayonumuzda çoxsaylı layihələrin, dövlət proqramlarının sürətlə icra edildiyini diqqətə çatdırdı, lənkəranlıların möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rayonumuza göstərdiyi yüksək diqqət və qayğıya əməli işləri ilə cavab verəcəklərinə əminliyini ifadə etdi.
Taleh Qaraşov sonda bugünkü görüş zamanı irəli sürülən təkliflərin yerinə yetiriləcəyini əminliklə söylədi və müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

 


09

Lənkəranda daha üç kəndə qaz verildi

 

Sentyabrın 25-də rayonumuzun Kənarmeşə, Seydəkəran və Şilim kəndlərinə təbii qaz verildi. Bu münasibətlə Kənarmeşə kəndində təntənəli açılış mərasimi keçirildi.
Lənkəran ŞİH başçısının Kənarmeşə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sahil Quliyev, kənd sakinlərindən Rafail İbrahimov və Məmmədəli Əliyev çıxış edərək 20 illik fasilədən sonra əraziyə təbii qazın yenidən verilməsi ilə əlaqədar Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevə, Lənkəran ŞİH-nin başçısı cənab Taleh Qaraşova və “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə bütün sakinlər adından minnətdarlıqlarını bildirdilər, oktyabrın 9-da keçiriləcək növbəti prezident seçkilərində yekdilliklə dövlət başçımıza səs verəcəklərini əminliklə söylədilər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov bu əlamətdar hadisə münasibətilə əhalini təbrik etdi, onlara ən xoş və səmimi arzularını çatdırdı, “mavi alov”un evlərə istilik, hərarət, xeyir-bərəkət gətirməsini arzuladı.
Sonda qazın açılışını bildirən rəmzi məşəl alovlandırıldı.
Qeyd edək ki, Kənarmeşə və Şilim kəndlərində 374 ədəd sayğac və fərdi tənzimləyici, 12 min 168 metr dəmir boru, Seydəkəran kəndində isə 250 sayğac və fərdi tənzimləyici, 17 min 74 metr dəmir boru quraşdırılmışdır.
Hazırda Lənkəran rayonunun 47 yaşayış məntəqəsi qazlaşdırılmışdır. İlin sonuna kimi daha 27 yaşayış məntəqəsinə təbii qazın verilməsi nəzərdə tutulmuşdur. Bu da rayonda mövcud olan 45560 təsərrüfatdan 41895 təsərrüfatının qazlaşdırılması, yəni 92%-ni təşkil edir.