Laçında “Bilik günü” qeyd edilib

XALQ.AZ xəbər verir ki, 15 sentyabr – Bilik Günü  ilə əlaqədar Laçın Rayon İcra Hakimiyyətinin və Rayon  Təhsil  Şöbəsinin əməkdaşları rayonun  ümumtəhsil məktəblərində  olmuş, şagirdlər, valideynlər və  müəllimlərlə görüşmüş, yeni dərs ilinin başlanması münasibəti ilə onları təbrik etmişlər.

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli  yeni dərs ilinin ilk günündə Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən Laçın rayonunun 5 nömrəli tam orta məktəbində  olmuş,  məktəb kollektivini təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Müstəqilliyimizin ilk illərindən təhsilə olan dövlət qayğısının Ulu Öndər Heydər Əliyev tərəfindən əsasının qoyulduğunu bildirən rayon rəhbəri, bu işin dövlət başçımız cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini,  məhz bunun nəticəsində ölkə gənclərinin dünyanın ən nüfuzlu universitetlərində təhsil almalarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Eyni zamanda bildirilmişdir ki, 2017-2018-cı dərs ilində 11-ci sinfi bitirən 939 nəfər məzundan  744 nəfəri ali məktəblərə qəbul olunmaq üçün keçirilmiş imtahanlarda iştirak etmiş, onlardan 472 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Məzunların 50 faizi, imtahanlarda iştirak edənlərin 63 faizi tələbə adını qazanmışdır. 92 nəfər  500-dən o, cümlədən 29 nəfər 600- dən  çox bal toplamışdır. Bu da ötən ildəki ilə müqayisədə 500-dən çox bal toplayanlardan 38 nəfər, o cümlədən 600 – dən  çox bal toplayanlardan 11 nəfər çox olmuşdur. Eyni zamanda, 2018-ci ildə orta ixtisas təhsili müəssisələrinə 61 nəfər qəbul olmuş, bu da keçən ilki nəticədən 19 nəfər çoxdur. Ümumilikdə ötən illərin məzunları ilə birlikdə rayon üzrə ali təhsil müəssisələrində 549 nəfər, orta ixtisas təhsili müəssisələrində 77 nəfər tələbə adını qazanmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli xüsusi ilə vurğulamışdır ki, qaçqınları və məcburi köçkünləri daima diqqət mərkəzində saxlayan möhtərəm cənab Prezidentimiz İlham Əliyevin “Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” 16 fevral 2018-ci il tarixli sərəncamı ilə rayonun Ağbulaq obasında 56 şagird yerlik modul tipli tam orta, Sonasar obasında  40 şagird yerlik, Katos obasında 40 şagird yerlik modul tipli ümumi orta məktəblərinin quraşdırılması nəzərdə tutulmuşdur. Ötən tədris ilində Çıraqlı kənd tam orta məktəbi üçün yeni bina tikilmiş, məktəblərdə əsaslı və cari təmir işləri aparılmışdır. Tərtər rayonu ərazisində məskunlaşmış məcburi köçkünlər Tərtər rayonu ərazisində məcburi köçkünlər üçün yeni salınmış Şıxarx qəsəbəsinə köçürüldükdən sonra Tərtər rayon Yenikənd kəndində yerləşən Laçın rayonunun Çaylı kənd ümumi orta, Tərtər rayon Eloğlu kəndində yerləşən Laçın rayonunun Qorçu kənd ümumi orta və Tərtər rayon Nərmaniya kəndində yerləşən Laçın rayonunun Nərmaniya kənd ümumi orta məktəbləri də həmin qəsəbədə yeni tikilmiş məktəb binasınin I korpusuna köçürülmüşdür.
Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov məlumat vermişdir ki, 2018 – 2019-cu dərs ilində rayonun ümumtəhsil məktəblərində təhsil alacaq şagirdlərin  ümumi sayı 12053   nəfərdir ki, bunlardan da 1404    nəfəri birinci sinfə daxil olanlardır.
Laçın rayonunun 5 nömrəli tam orta məktəbinin direktoru Əlipolad Əzizov, məktəb kollektivi yeni dərs ilinin ilk günündə onlarla görüşə gəldiyinə görə Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər.

 

 

Orxan