Laçınlı məcburi köçkünlərlə görüş

L-4

5 sentyabr 2014-cü il tarixdə laçınlı məcburi köçkünlərin müvəqqəti  məskunlaşdıqları Bərdə rayonunun Şirvanlı kəndində Laçın Rayon İcra Hakimiyyəti başçısı Akif Səlimovun görüşü və səyyar qəbulu keçirilmişdir. Qəbulda Rayon prokuroru, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin rayonun əlaqədar idarələrinin rəhbərləri  iştirak etmişlər.

XALQ.AZ-ın məlumatına görə görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığını, ordu quruculuğu sayəsində əldə olunan nailiyyətləri, əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyini qeyd edərək bütün məcburi köçkünlər kimi laçınlıların da bütün qayğılarının daim dövlətimizin nəzarətində olduğunu bildirmişdir. Rayon rəhbəri çıxışında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  apardığı uğurlu daxili və xarici siyasət sayəsində torpaqlarımızın yağı düşməndən azad ediləcəyi günün uzaqda olmadığını xüsusilə qeyd edərək məcburi köçkünlərin tezliklə ata-baba yurdlarına dönəcəklərinə əminliyini vurğulamışdır.

Məcburi köçkünlərlə görüşdən sonra 65 nəfər rayon sakininin iştirakı ilə səyyar qəbul keçirilmişdir. Yüksək səmimiyyət şəraitində keçirilən səyyar qəbulda 17 nəfər laçınlı məcburi köçkünün müraciətləri dinlənilmişdir. Müraciətlərdə qaldırılan məsələlər əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müayinə və müalicə,  maddi cəhətdən köməklik olunması, işlə təmin edilmə və təhsil məsələləri barəsində olmuşdur.  Səyyar qəbulda səsləndirilmiş müraciətlərlə bağlı aidiyyəti üzrə konkret  tapşırıqlar verilmiş, verilmiş tapşırıqların icrası Rayon İcra Hakimiyyəti başçısı aparatının əlaqədar şöbələrinin nəzarətinə götürülmüşdür.
Sonda məcburi köçkünlər onlara göstərilən hərtərəfli və davamlı qayğıya görə dövlət başçısına minnətdarlıq ifadə etmişlər.

L-1

L-2

L-3