Lerikdə Əfqanıstan veteranları ilə görüş keçirildi

Lerik

Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının rəhbərlərinin  iştirakı ilə keçmiş sovet Ordusu sıralarında Əfqanıstan döyüşlərində iştirak etmiş veteranlarla görüş keçirildi.
Öncə Əfqanıstan döyüşlərində, 1941-1945-ci illər və Qarabağ müharibəsində həlak olanların xatirəsi sükutla yad edildi.
XALQ.AZ xəbər verir ki,  tədbiri giriş nitqi ilə açan rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov Əfqanıstan döyüşlərinin bitməsinin 25-ci ildönümü münasibəti ilə keçmiş döyüşçüləri təbrik etdi. Bildirdi ki, həmin müharibədə Azərbaycandan da 8 minə yaxın  əsgər və zabit iştirak etmişdir. Onlardan 219 nəfəri həlak olmuş, 7 nəfəri itkin düşmüş, 4500 nəfəri  əlil olmuşdur. Onlardan 4500 nəfəri Azərbaycan müstəqillik qazandıqdan sonra Milli Ordumuzun tərkibində torpaqlarımızın müdafiəsində iştirak etmiş, 76 nəfəri şəhid olmuş, 6 nəfər i itkin düşmüş, 45-i əlil olmuşdur. Ümummilli lider Heydər Əliyevin çağırışı ilə könüllü olaraq ön cəbhəyə yollanıb erməni daşnaklarına qarşı mübarizə aparan Əfqanıstan veteranlarından 7 nəfəri döyüşlərdə göstərdiyi şücaətə görə Milli Qəhrəman adına layiq görülmüş, 37 nəfəri “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Eyni zamanda rayonumuzdan da 40-dan çox insan bu müharibənin ağır günlərini yaşamışdır. Bu gün burada iştirak edənlərdən də Qarabağ döyüşlərində iştirak edənlər olmamış deyil. Sizlərin bu qəhrəmanlığınız, şücaətiniz həmişə xalqımızın ümummilli lider möhtərəm Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Bu gün cənab Prezidentimiz də bu siyasəti uğurla davam etdirir. Məhz onun tapşırığı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Əfqanıstan döyüşlərinin bitməsinin 25 illiyi” yubiley medalı hazırlanmışdır. Mən sizi bu yubiley medalı ilə təltif edilməyiniz münasibəti ilə təbrik edirəm, cansağlığı və uğurlar arzulayıram.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Lerik rayon şöbəsinin rəisi mayor Elməddin Cəfərov, Əfqanıstan döyüşlərinin veteranlarından Əkrəm Abdullayev, Ümidvar Kəlbiyev və Məmməd İbrahimov çıxış edərək göstərilən qayğı və diqqətə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, Vətənin əsgəri kimi Ali Baş Komandanın əmri ilə torpaqlarımızın yağılardan təmizlənməsi uğrunda döyüşə getməyə hər an  hazırdırlar.
Sonda yubiley medalları və hədiyyələr rayon icra hakimiyyəti başçısı tərəfindən iştirakçılara təqdim edildi.