Lerikdə “Bilik günü”

6

 

Yeni tədris ilinin başlanması münasibəti ilə sentyabrın 15-də “Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na müvafiq olaraq inşa edilmiş, 180 şagird yerlik Vizəzəmin kənd tam orta məktəbinin yeni binasının və əsaslı təmirdən sonra Mastail kənd tam orta məktəbinin binasının açılış mərasimləri keçirildi.
Açılış mərasimlərində Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ağsaqqalları, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak etdilər.
Yeni təhsil ocaqlarının istifadəyə verilməsi münasibəti ilə keçirilmiş açılış mərasimlərini giriş sözü ilə açan Lerik Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirov qeyd etdi ki, son illərdə təhsil sahəsinə göstərilən dövlət qayğısı daha da artmışdır. Bunun nəticəsidir ki, respublikanın hər yerində olduğu kimi, rayonumuzda da yeni məktəb binaları inşa edilmiş, ümumtəhsil məktəbləri inventar və avadanlıqlarla təmin olunmaqdadır. Bütün bunlara görə B.Nəsirov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təhsil işçiləri adından minnətdarlığını ifadə etdi.
Vizəzəmin kənd tam orta məktəbinin açılış mərasimində kənd ictimaiyyəti adından Sabir Mustafayev, pedaqoji kollektiv adından Eldar Bünyadov, şagirdlər adından 11-ci sinif şagirdi Nurlan Əmirov, kənd ziyalılarından tibb elmləri üzrə fəlsəfə doktoru Həzi Aslanov, Mastail kənd tam orta məktəbinin açılış mərasimində Adil Rzayev və məktəbin direktoru Abdul Ramazanov çıxış edərək təhsilə göstərilən dövlət qayğısından danışdılar və bütün bunlara görə minnətdarlıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırdılar.
Açılış mərasimlərində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov müəllim və şagirdləri əlamətdar hadisə – yeni tədris ilinin başlanması və məktəb binalarının istifadəyə verilməsi münasibəti ilə təbrik etdilər. Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində son illərdə respublikamızda mühüm nailiyyətlər əldə edilir. Dövlət Proqramlarının və genişmiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində şəhər, kənd və qəsəbələr simasını dəyişmiş, müasirləşmiş, əhalinin rifah halı daha da yüksəlmişdir. Məhz bu inkişafın nəticəsidir ki, bu gün kəndlərimizə abad yollar çəkilir, infrastruktur yenilənir, əhalinin sosial-məişət problemləri həll olunur. Ucqar dağ rayonunun inkişafına göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıq ifadə olundu.
Daha sonra məktəbin açılış mərasimlərində iştirak edən məktəblərin qocaman müəllimlərinə xatirə hədiyyələri təqdim edildi, 2014/2015-ci tədris ilində 1-ci siniflərə qəbul olunmuş şagirdlərə məktəbli çantaları və dərs ləvazimatları hədiyyə edildi, tədbir iştirakçılarının alqışı ilə məktəblərin açılışını bildirən rəmzi qırmızı lentlər kəsildi.
Sonda tədbir iştirakçıları məktəb binalarında yaradılmış şəraitlə tanış oldular.

85 86