Lerikdə Nəsiminin 650 illik yubileyi qeyd olunub

Noyabrın 27-də Lerik Rayon Mədəniyyət Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

XALQ.AZ xəbər verir ki, tədbirdə Masallı şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasovun Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında məruzəsi dinlənilib.

Sonra Nəsimi obrazında səhnəyə çıxan bədii qiraətçi Sədrəddin Ağaxanlı şairin “Mərhaba” qəzəlini səsləndirib.

Yubiley tədbirində çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bildirib ki, Nəsiminin yaradıcılığı Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur. Bu yaradıcılıq uzun illərdən bəri elmi fikrin diqqət mərkəzindədir. “50 il əvvəl ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Nəsiminin 600 illik yubileyi keçirildi. Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. 1973-cü ildə çəkilən “Nəsimi” bədii filmi Azərbaycan kino sənətində xüsusi yer alıb. 1979-cu ildə Bakıda mütəfəkkir şairin heykəli ucaldılıb, 1969-cu ildə Bakı şəhərində yaradılmış yeni rayona Nəsiminin adı verilib, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu Nəsiminin adını daşıyır. Bundan əlavə, Nəsiminin ədəbiyyatda, incəsənətdə parlaq və yaddaqalan obrazı yaradılıb”, – deyə o bildirib.

Qeyd olunub ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır.

Diqqətə çatdırılıb ki, 2017-ci ilin mayında UNESKO-nun Parisdəki baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd olunub. 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı təntənəli şəkildə keçirilib. Bütün bunlar ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi hesab oluna bilər.

Rövşən Bağırov xatırladıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə bağlı müxtəlif tədbirlər keçirilir. Dövlətimizin başçısının Sərəncamı ilə 2019-cu il ölkəmizdə “İmadəddin Nəsimi ili” elan edilib.

Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü irəli sürüb. Bu genişmiqyaslı kampaniya respublikada böyük rəğbətlə qarşılanıb. Aksiya çərçivəsində Lerik rayonunda 2 min ağacın əkilməsi istiqamətində hazırlıq işləri aparılır.

Digər çıxış edənlər – tarixçi Hüseynbala Əliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq Xanlar Həmid və ağsaqqal Qəhrəman Əliyev şair İmadəddin Nəsiminin söz dünyasından, onun əsərlərinin bədii dəyərlərindən danışıblar.

Sonda rayon mədəniyyət mərkəzinin musiqi kollektivlərinin, qiraətçilərin və məktəblilərin ifasında Nəsiminin qəzəllərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş etdirilib.


Orxan