Leyla Əliyevanın təşəbbüsü ilə donor aksiyası

85

 

Toplanan vəsait uşaqların müalicəsinə yönəldilir.

Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) növbəti dəfə “Qanın milləti yoxdur” adlı donor aksiyası keçirib.

Xalq.az  APA-ya istinadən xəbər verir ki, Moskva müxbirinin verdiyi məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən humanitar aksiya Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Kliniki transfuziologiya və hematologiya kafedrasında baş tutub. Əcnəbi tələbələrinin də qatıldığı aksiyada 300-ə yaxın insan qan verib.

Bu aksiya Heydər Əliyev Fondunun təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da talassemiya və hemofiliya xəstəsi olan uşaqlara yardım göstərilməsi layihəsinin bir hissəsidir. Səhər saatlarından başlayaraq axşamadək davam edən aksiyaya tələbələrlə yanaşı, universitetin əcnəbi tələbələrlə iş dekanlığı və beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları, müəllimlər, Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri, RAGT üzvləri qoşulublar.

RAGT-in nəzarət-təftiş komissiyasının üzvü, tədbirin əsas təşkilatçılarından biri, tibb elmləri namizədi Samir Əliyev bildirib ki, qanvermə aksiyasının donorlar üçün faydası ilk növbədə özlərinin sağlamlıqları barədə məlumat əldə etmələri, digər tərəfdən isə qana ehtiyacı olanlara yardım edib, xeyriyyə işi görməkdir.

Aksiyadan sonra institutun hematologiya kafedrasında brifinq keçirilib. Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Pyotr Litvitskiy, transfuzioloqiya kafedrasının müdiri Əliheydər Rəhimov, Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova və Mərakeş Krallığının Rusiyadakı səfirinin müşaviri Abdelqani Keraun humanitar aksiyaya gənclərin marağını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, son 6 ildə RAGT əcnəbi tələbələrlə iş dekanlığının əməkdaşları və tələbələrlə birlikdə bu cür aksiyaları mütəmadi olaraq keçirir. Hər il pulsuz donor aksiyalarında yüzlərlə gənc iştirak edir, toplanan vəsait isə onkoloji və digər xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldilir.