Leyla Əliyeva: “Mən gəldim yaşamaqçün, sevmək, sevilmək üçün”

Xalq yazıçısı Kamal Abdulla, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın  şeirini tərcümə edib XALQ.AZ “Niyyət” şeirini oxuculara təqdim edir.

Niyyət – doğma, müqəddəs nəyisə hifz eləmək
Qanlı caynaq izini qoruyaraq qəlbində.
Həqiqətin özüydü o qanlı, o mərd ürək
Heç kiminki deyildi hamının qəlibində._

Kimdəsə görsə idim xilasımı mən bir an
Yorucu günlərimdən, üzücü günlərimdən…_
Deyərdim, arı kimi olmasam da çalışqan
Əfsus, dəyərimi də tam verə bilmirəm mən._

Xudaya, mən ki, sənə yalvarmışdım nə qədər
Eşitməyim dünyada mən bir günahkar səsi.
Mənə bəxş elədiyin gücüm getməsin hədər
Qoy mən sevim ağrısız, əzabsız hər bir kəsi._

Mən bilirəm dünyada bəzən hər şey sadədi –
Yemək, yatmaq və durmaq – bu nə həyat, bu nə sirr?!_
Bu cür xudpəsəndliyə mənim qəlbim “yox” dedi.
Bu cür dünya mənimki heç bir zaman deyildir._

Mən gəldim yaşamaqçün, sevmək, sevilmək üçün
Sənə dua etməkçün gəldim başqa dünyaya.
Xudaya, mən könlümü sənə verdim büsbütün
Sən əbədiyyət verdin əvəzində, xudaya.