Leyla Əliyevanın sərgisi açıldı

Heydər Əliyev Mərkəzində Nəsimi – şeir, sənət və mənəviyyat Festivalı çərçivəsində üç sərgi – “Live Life”, “Hürufilik: incəsənət və identiklik” və Brayn İnonun “77 milyon rəsm əsəri” sərgiləri açılıb.

 

XALQ.AZ  xəbər verir ki, sərgilərin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Festivalın açılışı münasibətilə təbriklərini çatdıran Leyla Əliyeva bu festivalın dünyada incəsənətin, mədəniyyətin inkişafına mühüm töhfə olacağına əminliyini ifadə edib. Nəsiminin Azərbaycan poeziyasının inkişafında əhəmiyyətli rol oynadığını və poeziyanın şah əsərlərini yaratdığını deyən Heydər Əliyev Fondunun vitse-prezidenti Nəsimi poeziyasının bu gün də yaşadığını və aktual olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, biz bu festivalda Nəsimi poeziyasının ruhunu musiqi, rəqs, incəsənət, videoinstalyasiyalar, yoqo meditasiyası vasitəsilə kəşf edəcəyik və şüurun dərinliyinə səyahət edəcəyik.

Nəsimi festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində üç sərginin açıldığını da qeyd edən Leyla Əliyeva müəllifi olduğu “Live Life” sərgisinin London, Berlin, Moskva, Paris və Tbilisidə nümayiş etdirildiyini, bu sərginin ekoloji problemlərə diqqəti yönəltdiyini bildirib. Qeyd edib ki, eyni zamanda, sərgi bizim planetin gözəlliyini və bütün insanların birliyini vurğulayır.

Leyla Əliyeva Birləşmiş Ərəb Əmirliklərinin Barcil İncəsənət Fondu tərəfindən təqdim olunan “Hürufilik: incəsənət və identiklik” sərgisindən də danışıb, burada bir sıra ərəb ölkələrində yaşayan müasir rəssamların işlərinin təqdim edildiyini söyləyib. Brayn İnonun “77 milyon rəsm əsəri” sərgisində isə musiqinin və video-art instalyasiyanın nümayiş olunduğunu vurğulayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti festivala gələn qonaqlara minnətdarlığını bildirərək, Nəsiminin poeziyasının daimi olduğunu vurğulayıb. “Bu əsərləri oxuyanda siz insanın ruhunu hiss edirsiniz. Ümidvaram ki, bu festival nəticəsində Nəsimi poeziyasının bir çox yeni oxucuları üzə çıxacaq və planetimizə daha müsbət ideyalar yayacaqlar”, – deyən Leyla Əliyeva festivalın işinə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Barcil Fondunun nümayəndəsi Çarlz Pokok, Nəsiminin qohumu Məhəmməd Nəsimi festivalın, eləcə də sərgilərin təşkilinə görə təşəkkür ediblər.

Sonra tədbir iştirakçıları sərgilərlə tanış olublar.

 

 

Orxan