Leyla Əliyeva Qubada
Martın 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qubaya səfəri zamanı “Səkinə xanım” məscidini ziyarət edib.
XALQ.AZ xəbər verir ki, məscidin imamı Hacıhəmdulla Dəniyarlı Leyla Əliyeva bu ibadət ocağı barədə məlumat verib.
Bildirilib ki, Quba şəhərindəki “Səkinə xanım” məscidi Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək məqsədilə həyat yoldaşı Səkinə xanım tərəfindən 1854-cü ildə tikdirilib.
Hündürlüyü 27 metr olan tarixi məscid dördbucaqlı formadadır. 1930-cu illərdə məscid sovet hakimiyyəti tərəfindən bağlanaraq, ətrafındakı mədrəsə və köməkçi binalar dağıdılıb. Daha sonra məsciddən anbar kimi istifadə olunub. Bir müddət sonra isə burada tikiş sexi fəaliyyət göstərib.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bura yenidən məscid kimi istifadəyə verilib. Məscid əsaslı şəkildə təmir olunub, dəstəmazxana və digər köməkçi binalar inşa edilib.
Hazırda “Səkinə xanım” məscidi ölkə əhəmiyyətli tarixi abidə kimi dövlət qeydiyyatındadır.




Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva martın 18-də Qubadakı Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqunda olub. Leyla Əliyevaya sinaqoqun tarixi barədə məlumat verilib.
Bildirilib ki, 1888-ci ildə inşa edilən sinaqoq Şərq üslubunda tikilmiş qədim memarlıq abidəsidir. Böyük ibadət zalı olan sinaqoqun içərisindəki ibadət divarına baxan hissə aron-kaduş adlanır. Altıguşəli ulduz şəklində olan pəncərələr palıd ağacından hazırlanıb. Burada dini mərasimlərin keçirilməsi üçün 60 nəfərlik ibadət zalı var.
Sovet dövründə məbəd anbar kimi istifadə olunub. Müstəqillik illərində isə sinaqoq bərpa edilərək yenidən istifadəyə verilib.


