Londonda biznes forum keçirilib

08
Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə Londonda biznes forum keçirilib.

 

APA-nın xəbərinə görə, forumu AAC-ın biznes əlaqələndiricisi Venesa Rain açıb. O, Azərbaycanın müasir tələblərə cavab verən infrastruktura malik olduğunu qeyd edib, ölkəmizdə son illərdə aparılan islahatlardan, dövlət-özəl sektor əməkdaşlığının güclənməsindən danışıb.

 

V.Rain təmsil etdiyi təşkilatın gördüyü işlər barədə də danışıb. O, AAC-nın Azərbaycanla Böyük Britaniya arasındakı münasibətlərin inkişafı üçün göstərdiyi fəaliyyətdən bəhs edib.

 

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov da ölkəmizdəki inkişafdan danışıb. Səfir neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da sürətlə inkişaf etdiyini bildirib, ölkəyə gələn və ölkədaxili investisiyalardan bəhs edib.

 

Azərbaycanın təbii qaz ixracı potensialı haqqında danışan F.Qurbanov TANAP layihəsi haqqında məlumat verib, “Şahdəniz” yatağından təbii qazın Avropa bazarlarına nəqlini təmin edəcək layihənin həm Azərbaycanın, həm də Avropa dövlətlərinin maraqlarına tam uyğun olduğunu bildirib.

Səfir həmçinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası haqqında ətraflı məlumat verib.

 

İqtisadiyyat və Sənaye Nazirliyinin dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin rəhbəri Orxan Məmmədov Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri olduğunu deyib.

 

Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov isə forumdakı çıxışında tədbirin məqsədindən danışıb. O bildirib ki, bu forumun məqsədi hər iki ölkənin biznes imkanları barədə məlumat vermək, şirkətlər arasında ilkin təmaslar qurmaq, konkret biznes layihələri və əməkdaşlıq ətrafında fikir mübadiləsi aparmaqdır. Tale Heydərov forumun Böyük Britaniya və Azərbaycan arasında iqtisadi, biznes əlaqələrinin daha geniş müstəvidə baxılmasına, bütün sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi və yeni layihələrin planlaşdırılmasına zəmin yaradacağına əmin olduğunu deyib.

 

Böyük Britaniyanın Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət səfiri Çarls Hendri ölkəsi ilə Azərbaycan arasındakı ticarət əlaqələri haqqında məlumat verib, münasibətlərin hər il daha da inkişaf etdiyini bildirib. Ç. Hendri azərbaycanlı tələbələrin Birləşmiş Krallıq universitetlərinə üstünlük vermələrini yüksək qiymətləndirib.

 

Millət vəkili Cavanşir Feyziyev forumu yüksək qiymətləndirərək, iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini vurğulayıb.

 

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov da təmsil etdiyi qurumun fəaliyyəti haqqında danışıb. O, ölkədəki əlverişli biznes və investisiya mühiti, iri layihələr barədə məlumat verib.

 

Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini İlham Əliyev də çıxışında Böyük Britaniya ilə Azərbaycan arasındakı investisiya əlaqələrindən danışıb. Azərbaycanın Britaniya sərmayədarları üçün böyük əhəmiyyət kəsb etdiyini deyən İ.Əliyev hər iki ölkədən sahibkarların qarşılıqlı yatırımlarda fəal olduqlarını vurğulayıb.

 

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza da Azərbaycanın mədəniyyət, enerji və bir çox sahələrdəki inkişafının təqdirəlayiq olduğunu deyib. O, bundan sonra da uğurların davam edəcəyinə əminliyini bildirib.

 

Forum işini sessiyalarda davam etdirib.

 

09 10 11 12