Los Ancelesdə yaşayan azərbaycanlıların nəzərinə

los angeles

ABŞ-ın Los Anceles şəhərindəki Azərbaycan Baş Konsulluğu erməni sosial media hesablarından Kaliforniyada, xüsusilə də Los Ancelesdə yaşayan icma üzvlərimizi hədələyən postlarla bağlı məlumat yayıb.

XALQ.AZ xəbər verir ki, bu barədə konsulluğun feysbuk səhifəsində məlumat verilib: “Əziz həmvətənlər, #erməni sosial media hesablarından Kaliforniyada, xüsusilə də Los Ancelesdə yaşayan icma üzvlərimizi hədələyən postlar paylaşılıb. Tərəfimizdən bununla bağlı dərhal Los Anceles Polis İdarəsinə məlumat verilərək məsələnin ciddi şəkildə araşdırılması xahiş olunub. Eyni zamanda, Federal Təhqiqatlar Bürosuna (FBI) da müraciət olunacaq”.

Konsulluq həmvətənlərimizi tədbirli olmağa və təxribatlara uymamağa çağırıb. 

“Bu, bir sıra radikal və aqressiv erməni qruplarının hədə-qorxu kampaniyasının tərkib hissəsi ola bilər. Hər birinizi bu günlərdə ehtiyatlı və tədbirli olmağa, eyni zamanda təxribatlara əsla uymamağa çağırırıq. Bununla bağlı hər hansı məlumatla qarşılaşacağınız halda qaynar xəttimiz (1 (310) 447-4616) və ya bu FB səhifəsinə mesaj göndərərək bizimlə əlaqə saxlamağınızı xahiş edirik”,-deyə müraciətdə qeyd olunub.

Qeyd edək ki, Los-Ancelesdə erməni diasporası tərəfindən törədilən təxribatlar nəticəsində 30-a yaxın (5 nəfər xəstəxanaya müraciət, o cümlədən 1 qadın) soydaşımız xəsarət alıb.