Məmmədyarov görüş keçirib

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Monteneqro Xarici İşlər Nazirliyinin baş katibi Veselin Şukoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XALQ.AZ xəbər verir ki,  görüşdə Azərbaycanla Monteneqro arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli səfərlərin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi vurğulanıb.

Tərəflər iki ölkə arasında enerji, nəqliyyat, investisiya, turizm və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Qarşılıqlı sərmayə yatırımını təşviq etmək və iki ölkə arasında ticarət dövriyyəsini artırmaq məqsədilə biznes forumların keçirilməsinin vacibliyi vurğulanıb. Nazir Elmar Məmmədyarov qonağa Cənub Qaz Dəhlizinin inkişafı, TANAP və TAP layihələri haqqında məlumat verib və bu əsnada Monteneqro ilə əməkdaşlıq məsələlərini diqqətə çəkib.

Nazir E.Məmmədyarov Monteneqronun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanın ədalətli mövqeyinə verdiyi qəti dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. O, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin hazırkı mərhələsi barədə qarşı tərəfi məlumatlandırıb.

V.Şukoviç ikitərəfli münasibətlərin inkişafında yeni mərhələyə qədəm qoyulduğunu ifadə edərək Monteneqronun Azərbaycanda öz diplomatik missiyasını açmaq niyyətini əks etdirən notanı Azərbaycan tərəfinə təqdim etdiyini bildirib.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.