“Məqsədyönlü və hərtərəfli siyasət nəticəsində…” – Deputat

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizdə iqtisadi və siyasi sabitlik möhkəmlənib, iqtisadi inkişaf dinamikası davam edir.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Hüseynov yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən fikirləri şərh edərkən deyib.

Millət vəkili qeyd edib ki, aparılan məqsədyönlü və hərtərəfli siyasət nəticəsində 2018-ci ildə ölkəmizin sosial-iqtisadi inkişafı təmin edilib:

“İqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft istehsalı və ixracının həcminin artması, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vurğuladığı kimi, respublikamızda iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı siyasət çox uğurludur, iqtisadiyyat hərtərəfli inkişaf edir”.

A.Hüseynov bildirib ki, ötən il ümumi daxili məhsul 1,4 faiz, qeyri-neft sektoru 1,8 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 9,1 faiz, kənd təsərrüfatı 4,6 faiz artıb: “Əlbəttə, bu, qlobal şokların hələ də davam etdiyi bir vaxtda çox yaxşı göstərici hesab oluna bilər”.

Deputat əlavə edib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı yürüdülən siyasət ötən il ərzində ölkə iqtisadiyyatının şaxələnməsinə, qeyri-neft sektorunun inkişafına möhkəm zəmin yaradıb: “İl ərzində 118 min daimi iş yeri açılıb. Ümumilikdə, regionların inkişafı strategiyasının başlanmasından indiyədək 1 milyon 300 mindən artıq iş yeri açılıb, onlardan təxminən 1 milyonu daimi iş yeridir. Regionların inkişafı ilə bağlı strategiyanın davam etdirilməsi bölgələrdə işsizliyin səviyyəsinin azalmasına mühüm təsir göstərib”.

A.Hüseynov vurğulayıb ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, iqtisadiyyatın modernləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlara yaradılan münbit şərait beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir:

“Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan il ərzində 32 pillə irəliləyərək 25-ci yerdədir. Əlbəttə, bu, çox yaxşı göstəricidir. Bu onu deməyə əsas verir ki, Azərbaycanda həyata keçirilən iqtisadi strategiya çox düzgündür və birbaşa Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan proqramlar özünü tamamilə doğrultdu”.

O qeyd edib ki, Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlardan belə yüksək qiymət alması eyni zamanda ölkəmizə yeni investisiyaların cəlb edilməsinə şərait yaradır: “Təbii ki, Dünya İqtisadi Forumu kimi beynəlxalq nüfuzlu təşkilatlar ölkəmizdəki münbit şəraiti yüksək qiymətləndirdiyi üçün xarici investorların ölkəmizə maraqları artacaq ki, bu da öz növbəsində yeni investisiyaların cəlb edilməsi deməkdir”.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.