Mətbuat şurası acıqlama verdi

04

 

Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu sentyabrın 22-də Bakının Yasamal rayonunda yerləşən İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirilmiş icazəli mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinə qarşı hər hansı maneə qeydə almamışdır.
Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış monitorinq qrupunun üzvlərinə, həmçinin Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının təmsilçilərinə bununla bağlı hər hansı müraciət edilməmişdir.
Mətbuat Şurasının mitinq müddətində “qaynar xətt” rejimində fəaliyyət göstərən (055) 201 99 26 və (012) 408 62 75 telefon nömrələrinə də prosesi işıqlandıran kütləvi informasiya vasitələrinin nümayəndələrindən məlumat daxil olmamışdır.
Mətbuat Şurasının monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə almışdır.
Mətbuat Şurası seçki kampaniyası müddətində kütləvi toplantıların daha çox keçirilmə ehtimalını, aksiyaları işıqlandıran jurnalistlərin təhlükəsizliyinin təmin olunmasını, bununla bağlı yarana biləcək problemlərin operativ aradan qaldırılmasına kömək etməyin zəruriliyini nəzərə alaraq Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının tərkibini genişləndirmişdir. Şuranın Azərbaycan Respublikası daxili işlər nazirinə müraciətindən sonra Daimi Komissiyanın işinə bu dövlət orqanından daha iki nümayəndə cəlb olunmuşdur.