Məhkəmə direktor haqqında Qərar verdi

Bakı Şəhər Prokurorluğu da hadisəylə bağlı növbəti məlumatı yayıb.
XALQ.AZ xəbər verir ki, 162 nömrəli tam orta məktəbin 8-ci (r) sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.
Aparılmış istintaqla həmin məktəbin direktoru işləmiş Sevinc Abbasovanın xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməyib, vaxtaşırı olaraq özünə qapanan Elina Hacıyevanın ruhi-emosional vəziyyətinə xüsusi həssaslıqla yanaşmamaqla, ona psixoloji-mənəvi dəstək göstərilməsinə laqeyd münasibətinin ehtiyatsızlıqdan onun ölümünə səbəb olmasına, habelə hadisə baş verdikdən dərhal sonra təcili-tibbi yardım çağırılmasını vaxtında təmin etməyərək E.Hacıyevanı təhlükədə qoymasına dair əsaslı şübhələr müəyyən edilib.
Sevinc Abbasova 15 aprel 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***
162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasovacinayət məsuliyyətinə cəlb edilib.
S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham olunur. Dünən təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün prokurorluğun təqdimatına baxılıb.
Səbail rayon məhkəməsinin hakimi Anar Tanrıverdiyevməhkəməni təxirə salıb. Sabiq direktor barəsində bu gün qərar qəbul ediləcək.
Qeyd edək ki, hadisədən sonra Təhsil naziri Ceyhun Bayramovun əmri ilə məktəb direktoru, müavini və psixoloq işdən çıxarılıb.
Orxan