Məktəblərdə respublika çempionatı keçiriləcək

Sentyabrın 26-da Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası (AMİF) arasında “Məktəblər arasında respublika çempionatı”nın keçirilməsi haqqında birgə əmrin imzalanması mərasimi keçirilib.

XALQ.AZ xəbər verir ki,  birgə əmri gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Ceyhun Bayramov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Məktəb İdmanları Federasiyasının prezidenti Sevinc Hüseynova imzalayıblar.

İmzalanma mərasimində müvafiq dövlət qurumlarının, aidiyyəti idman təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbiri açan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə idmanın inkişafında məktəb idmanının əhəmiyyətindən danışıb, çempionatın keçirilməsinin ölkəmizdə məktəblilər arasında idmanın inkişafına təkan verəcəyini, Olimpiya hərəkatınının təşviq edilməsində xüsusi rol oynayacağını vurğulayıb.

Gənclər və idman naziri Azad Rəhimov çıxışında idmançıların məktəb yaşlarından formalaşmağa başladığını, belə yarışların istedadlı idmançıların seçilməsinə müsbət təsir göstərəcəyəni, onların peşəkar idmançı kimi yetişməsi üçün vacib olduğunu bildirib.

Daha sonra çıxış edən təhsil naziri Ceyhun Bayramov təhsilin keyfiyyətinin yüksəldilməsində və bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların sağlamlığının əhəmiyyətindən danışıb, sağlam və fəal həyat tərzini təşviq edən layihələrin dəstəkləndiyini vurğulayıb. C.Bayramov çıxışında sözügedən çempionatın nəticələrinin məktəblərin reytinqlərinin qiymətləndirilməsi zamanı nəzərə alınacağını deyib.

Azərbaycan Məktəb İdmanları Federasiyasının prezidenti Sevinc Hüseynova tədbirdə çıxış edərək yeni yaranmış Federasiya tərəfindən reallaşdırılan layihələr barədə danışıb, çempionat çərçivəsində keçirilən oyunlarda voleybol və basketbol idman növləri üzrə qalib məktəblərin komandalarının beynəlxalq yarışlarda iştirakının AMİF tərəfindən təmin ediləcəyini bildirib.

Qeyd edək ki, “Məktəblər arasında respublika çempionatı”nın keçirilməsində məqsəd ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, onlar arasında idmana olan marağın artırılması, məktəblərdə sağlam və fəal həyat tərzinin təşviqi, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi, olimpiya idman komplekslərindən və bazalarından səmərəli istifadənin təmin edilməsindən ibarətdir.

2018-2019-cu tədris ili ərzində keçiriləcək çempionatın əsasnamə və proqramına uyğun olaraq, yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumtəhsil müəssisələrinin şagirdləri şahmat (2-4-cü siniflər), atletika (5-7-cı siniflər), voleybol (qızlar, 7-9-ci siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə iştirak edəcəklər. Yarışlar 4 mərhələ üzrə keçiriləcək (I mərhələ məktəbdaxili, II mərhələ rayondaxili, III mərhələ zona yarışları və IV mərhələ final). Şahmat və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır. Voleybol və basketbol idman növləri üzrə keçirilən yarışlar isə məktəblərarası beynəlxalq yarışlara seçim mərhələsidir. Voleybol üzrə qalib məktəb komandası Xorvatiyanın Poreç, basketbol üzrə qalib məktəb komandası isə Yunanıstanın Heraklion şəhərində keçirilən məktəblərin dünya çempionatında ölkəmizi təmsil edəcək.

Orxan