Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında Prezidentin Sərəncamı

Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı2013-cü ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, Dövlət mükafatı laureatı Məmməd Arazın (Məmməd İnfil oğlu İbrahimovun) anadan olmasının 80 illiyi tamam olur.

Vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığı Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Şairin yüksək bədii-fəlsəfi ümumiləşdirmələrlə səciyyələnən, lakonik deyim tərzinə malik dərin ictimai məzmunlu lirikası gücünü vətən təbiətinin gözəlliklərindən, böyük tarixi keçmişimizdən və milli ədəbi fikrin tükənməz xəzinəsindən almışdır. Ana dilinin bütün incəliklərini özündə toplamış bu poetik irs gəncliyin mədəni-mənəvi dəyərlərə ehtiram ruhunda formalaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli ədəbiyyatın inkişafına mühüm töhfələr vermiş xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

  1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq şairi Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 sentyabr 2013-cü il.