Məmmədyarov Avropa komissarına irad tutdu

Elmar

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələr bu gün Bakıda bir araya gəldi.

Məlumata görə, proqramın iştirakçısı olan Gürcüstan, Moldaviya, Belarus, Ukrayna və Azərbaycanın Xarici İşlər Nazirlərinin toplandığı sayca 4-cü qeyri-rəsmi görüşə Ermənistan gəlmədi. Bu dəfə ki, görüşün əsas məqsədi “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı idi.

Bununla yanaşı tərəfdaş ölkələr ötən il Vilnüsdə keçirdilən zirvə toplantısından sonra əldə olunan nəticələrini və tərəfdaşlığını genişləndirilməsi də müzakirə olundu. Avropa İttifaqını isə bu görüşdə Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissar Ştefan Füle, Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsinin müavini Helqa Şmidt təmsil edirdi.

Krımın Ukraynadan ayrılmasının qəbul edilməz olduğunu və bu problemin həllinin vacibliyini vurğulayan Avropa İttifaqı rəsmilərinin mövqeyi jurnalistlərin onları sual atəşinə tutmasına səbəb oldu. Diqqət çəkən maraqlı məqam isə Krım məsələsində bu qədər həssaslıq nümayiş etdirən Avropa İttifaqının Dağlıq Qarabağ problemini görməzdən gəlməsinin səbəbləri idi. Amma Avropa İttifaqının hər iki rəsmisi onlara Dağlıq Qarabağ problemi ilə bağlı ünvanlanan sualdan yayınaraq Krım yarımadası ilə bağlı yaşanan problemin Dağlıq Qarabağ problemi ilə eynilik təşkil etmədiyini bildirdilər.

Avropa İttifaqının (Aİ) Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin sözlərinə görə, Krım Ukraynanın ayrılmaz tərkib hissəsidir: “Burda problem fərqli səpkidəddir. Bizim Dağlıq Qarabağ problemini 20 il öncə həll edə bilməzdik. Bunun üçün bizim əlimizdə bəzi səlahiyyətlərimiz yox idi. Amma indi vəziyyət dəyişib. Azərbaycan özüdə Avropa İttifaqı Şurasına sədrlik edir, bu təqdirəlayiqdir və biz inanırıq ki, bu məsələnin həllində Azərbaycan irəliyə doğru addımlar atacaq. Amma öncə bunun üçün Azərbaycan ərazisində vətəndaş cəmiyyətinin qurulmasına diqqət edilməlidir”.

Avropa İttifaqı rəsminin bu çıxışına Xarici İşlər Naziri Elmar Məmmədyarovdan sərt reaksiya gəldi.

Nazir Azərbaycan hökumətinin qeyri-hökumət təşkilatlarının (QHT) əleyhinə olmadığını bildirərək, QHT-lərin sivil qaydada qurulmasının vacibliyini vurğuladı. Avropa rəsmisinin bu iradının Azərbaycanın Dağlıq Qarabağ probleminin həllinə mane olan səbəblərdən biri kimi dəyərləndirməyin düzgün olmadığını qeyd etdi.

“Şərq Tərəfdaşlığı”nın 4-cü görüşü bu gün öz işini yekunlaşdırdı.