“Mən “ölürəm” – Zülfiyyə Xanbabayeva

Xalq artisti Zülfiyyə Xanbabayeva ötən gün “Jara” filminin qala gecəsinə qatılıb.

Sənətçi jurnalistlərin suallarını cavablandırıb.

XALQ.AZ xəbər verir ki, o, “Jara” festivalında ifa etdiyi “Oxu” mahnısına yeni klip çəkdirdiyini bildirib.

O, kliplərinə təqdimat etməməsinin səbəbini belə açıqlayıb:

“Heç vaxt təqdimat etməmişəm. Yalnız böyük layihələrin sponsorları olanda onlar təqdimatların keçirməsini tələb edirlər. Hətta konsertöncəsi mətbuat konfransı belə keçirməmişəm. Çalışıram ki, hər zaman özümü “sığortalayım”. Birdən dediyimi edə bilmərəm. Durub belə edəcəm, elə edəcəm demək mənlik deyil. Belə məsələləri jurnalistlərin öhdəsinə buraxıram. Əslində, kliplərimizi təqdim edirsiniz. Amma sizin fikirləriniz də həm bizim üçün, həm də tamaşaçılar üçün vacib və önəmlidir. Tamaşaçılara təqdim etdiyimizi siz jurnalistlər öz fikirlərinizlə pis və ya yaxşı istiqamətdə çatdırmalısınız”.

Sənətçi konsert verməməsi barədə iradlara da münasibət bildirib:

“Yanımda olanların hamısı məndən konsert tələb edib. Səbəbləri çox açıqlamaq istəmirəm. Hətta yaxınlarım, dost-tanışlarım “konsertin günlərini müəyyən edib sənin xəbərin olmadan afişalara çıxardacağıq” söyləyirlər. Bir sözlə, onlar məni məcbur etmək istəyirlər. Amma hələ hazır deyiləm. Açığı, bu, maliyyə məsələləri və sponsorlarla da bağlı deyil. Yorulmamışam, əksinə, arada çəkilmişdim. İndi yeni layihələr təqdim etməyə hazırlaşıram. Konsert çox məsuliyyətli işdir, hesabatdır. Müğənnilər var ki, konsert öncəsi həyəcanlanmırlar, mən isə “ölürəm”.