Məqsəd Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxarmaqdır

07

 

Böyük Britaniyanın nüfuzlu “The Busines Year” jurnalı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovdan prezident seçkiləri ərəfəsində müsahibə almışdır.
Xalq.az AzərTAc- a istinadən  müsahibənin xülasəsini təqdim edir.
Ölkədə seçkilərə hazırlığın gedişi ilə bağlı fikirlərini bölüşən Əli Həsənov demişdir ki, seçicilər üçün ən vacib məsələ prezident seçkiləri prosesinin demokratik təşkilidir. Seçki kampaniyasına təsir göstərən iqtisadi siyasət, xarici məsələlər və ictimai inkişaf kimi bir çox amillər mövcuddur. Amma bütün bu amillərin mərkəzində seçicilərin hazırkı vəziyyəti saxlamaq və bu istiqamətdə irəliləmək və ya dəyişikliyi seçmək hüququ dayanır. Əgər onlar bu xətlə irəliləmək istəyirlərsə Prezident İlham Əliyevə səs verəcəklər. Əgər dəyişikliyi seçərlərsə onlara 9 alternativ təqdim olunur. Bununla belə, müstəqil tədqiqatlar göstərir ki, seçicilərin 80 faizi Prezident İlham Əliyevin hakimiyyətdə qalmalı olduğunu düşünür. Bu, Prezidentin Azərbaycanı beynəlxalq səviyyəyə qaldırmasının, xalq üçün dinamik və bərabər inkişafla nəticələnən ictimai-iqtisadi siyasətin və qlobal məsələlərdə ölkənin rolunun artmasının nəticəsidir.
“Azərbaycanda seçki prosesinin şəffaflığının artırılması üçün hansı addımlar atılır” sualının cavabında Prezident Administrasiyasının rəsmisi demişdir ki, bu il biz ölkədəki hər 5 seçki məntəqəsindən birində, təxminən 5000 məntəqənin minində veb-kameralar quraşdırılmışdır. Bu veb-kameralar həm səsvermə, həm səslərin hesablanması, həm də son nəticələrin təsdiq olunması prosesini qeydə almağa imkan verəcəkdir. Dünyanın istənilən yerindən hər kəs seçki prosesini izləyə biləcəkdir. Bundan əlavə, seçki prosesini izləmək üçün dünyanın müxtəlif ölkələrindən və beynəlxalq qurumlardan çoxsaylı müşahidəçi qeydiyyatdan keçmişdir. Seçicilər hər seçki məntəqəsində 30-40 yerli və xarici müşahidəçinin gözləri qarşısında səs verəcəklər. Seçki qutuları da şəffafdır. Yəni, kənardan seçki bülletenlərini görmək mümkündür. Biz, həmçinin yerli və beynəlxalq mətbuat orqanlarının nümayəndələrini seçki prosesini yaxından müşahidə etməyə və nəticələri vaxtında dünyaya çatdırmağa dəvət etmişik. Şəffaflığı təmin etmək üçün əlimizdən gələni etmişik.
Əli Həsənov “ötən seçkilərdən bəri demoqrafik və iqtisadi dəyişikliklər seçicilərin dinamikasına necə təsir göstərib” sualının cavabında demişdir: “Ötən seçkilərdən bəri Azərbaycan təkcə iqtisadi cəhətdən deyil, mədəni və ictimai cəhətdən də əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Bundan başqa, Azərbaycanın inkişafı coğrafi cəhətdən bütün ölkəni əhatə etmişdir. Yəni, iqtisadi inkişaf nəticəsində regionlarda da həyat şəraiti xeyli yaxşılaşmışdır.
Ölkədə informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyini vurğulayan Əli Həsənov demişdir ki, seçicilər seçkilərlə bağlı hər bir məsələni internetdən, televiziyalardan, smartfonlardan izləyə bilirlər. Bu, Azərbaycanda səsvermənin və seçki prosesinin təkmilləşdirilməsi deməkdir.
“Siyasi sabitlik Azərbaycanın uğurlu iqtisadi inkişaf modelində necə rol oynamışdır” sualının cavabında Prezident Administrasiyasının şöbə müdiri demişdir: “Siyasi sabitlik olmayan yerdə biz sərmayələrdən danışa bilmərik. Yerli və beynəlxalq sərmayədarlar bu məsələni dərindən araşdırır, çünki sərmayə yatırılmasındakı əsas risklərdən biri kimi sərmayədarlar ilk olaraq bu sahəyə nəzər salırlar. Son 10 il ərzində Azərbaycanda möhkəm siyasi sabitlik bərqərar olmuşdur. Bundan əlavə, biznes mühiti də liberallaşdırılmışdır. Bu, Azərbaycana iqtisadi və maliyyə cəhətdən inkişaf etməyə, həmçinin müxtəlif sektorlara beynəlxalq sərmayədarları cəlb etməyə imkan yaratmışdır. Xarici sərmayələr də daxil olmaqla son 10 il ərzində Azərbaycana 150 milyard ABŞ dolları məbləğində vəsait yatırılmışdır. Son beş ildə təxminən 20-25 milyard dollar sərmayə yatırılmasına nail olunmuşdur. Bu sərmayələrin çoxu ABŞ, Avropa və digər ölkələrin sərmayədarları tərəfindən yatırılmışdır. Bunun əsas səbəblərindən biri ölkəmizdəki siyasi sabitliyin getdikcə daha da güclənməsidir. Azərbaycanın inkişafının mərkəzində məhz siyasi sabitlik dayanır.
Müəllifin müstəqil rəy sorğularına əsasən seçicilərin 80 faizindən çoxunun Prezident İlham Əliyevi dəstəkləməsinin nə ilə əlaqədar olduğunu və dövlətimizin başçısının son prezidentlik dövründə əsas nailiyyətlərinin hansılar olduğu barədə sualına Əli Həsənov belə cavab vermişdir: “Prezident İlham Əliyev hakimiyyətdə olduğu son 10 ildə xalqın ehtiyac və tələblərinə yüksək diqqət göstərmişdir. O, inkişaf üçün dövlətin nəyə ehtiyacı olduğunu müəyyənləşdirmiş və inkişaf proqramı hazırlamışdır. Bu müddət ərzində ümumi daxili məhsul, 3,5 dəfə artmışdır. İlham Əliyev hakimiyyətə gələndə ümumi daxili məhsul 1,5-2,5 milyard dollar idisə indi bu rəqəm 25-30 milyard dollardır. Bundan əlavə, Prezident İlham Əliyev dünya liderləri ilə olduqca yaxşı diplomatik münasibətlər qurmuşdur. Digər əhəmiyyətli məsələ odur ki, Prezident ictimai və mədəni inkişafı əhatə edən sosial islahatları bir araya gətirmiş, təhsil və səhiyyə sistemini təkmilləşdirmiş, güclü pensiya sistemi yaratmış və sosial müdafiənin digər sahələrini möhkəmləndirmişdir. Azərbaycan regionda və beynəlxalq aləmdə lider ölkəyə çevrilmişdir. Xalqın ona dəstəkləməsinin səbəbi məhz budur.
Jurnalın “Prezident İlham Əliyevin hazırkı platformasını necə dəyərləndirirsiniz və yeni dövrdə onun planları nələrdir” sualını cavablandıran Əli Həsənov bildirmişdir: “Bizim şüarımız “Davam”dır. Yəni, Azərbaycanı sosial və iqtisadi inkişaf yoluna çıxaran hakimiyyətin və siyasətin davam etdirilməsidir. Biz artıq Azərbaycan üçün strateji plan hazırlamışıq. 2020-ci il üçün bizim məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxarmaqdır. Hazırda Azərbaycan inkişaf edən və orta gəlirli ölkədir. Adambaşına ümumi daxili məhsul 6-7 min dollardır və məqsədimiz növbəti 7 il ərzində bu rəqəmi 10-12 min dollara yüksəltməkdir. Hazırda bu məqsəd uğrunda çalışırıq və buna görə də “Davam” siyasəti ölkədə bu qədər seçicinin səsini qazanmışdır.