“Məsələni təkcə dövlətin üzərinə atmaq düzgün yanaşma deyil” – Millət vəkili

“Azərbaycan dövlətinin gördüyü məqsədyönlü tədbirlər nəticəsində koronavirusla mübarizədə vəziyyəti nəzarətdə saxlamaq mümkün olub. Dünya ölkələri ilə müqayisədə Azərbaycanda hər bir milyon nəfərə görə xəstələnmə faktı çox aşağıdır. Görülən tədbirlərin nəticəsidir ki, pandemiya dövründə Azərbaycan əhalisinin 0,2 faizi koronavirusa yoluxub. İşğalçı Ermənistanda isə hər milyon nəfərə yoluxmaya görə dünyada lider ölkədir. Bunu işğalçı ölkənin rəhbəri Paşinyan da etiraf edib”.

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında millət vəkili İltizam Yusifov  Azərbaycan hakimiyyətinin koronavirus pandemiyasına qarşı mübarizə istiqamətində gördüyü işləri şərh edərkən deyib.

Onun sözlərinə görə, pandemiyanın başladığı ilk günlərdən Azərbaycan hökuməti bu istiqamətdə kompleks təxirəsalınmaz tədbirlər planı hazırlayaraq həyata keçirdi. “Görülən tədbirlər öz müsbət nəticəsini verməkdədir. Təbii ki, karantin rejiminin  yumşalmasından  sonra bəzi insanların məsuliyyətsiz hərəkətləri nəticəsində virusa yoluxma sayı çoxaldı. Amma buna baxmayaraq görülən tədbirlər öz müsbət  bəhrəsini verməkdədir. Artıq son günlərdə yoluxma  sayı 500 civarındadır. İndiyədək cəmi ölkə əhalisinin 0,2 faizi yoluxub. Yəni bu günə kimi 20 mindən bir az artıq insan virusa tutulub. Ölkə rəhbərliyi  xəstələrin sayının artması ehtimalını nəzərə alaraq ölkədə yeni modul tipli xəstəxanalar tikməkdədir. 01 xəstəxanadan artıq  qısa zamanda 5 modul tipli xəstəxana tikilib  istifadəyə verilib və daha 5 xəsətəxana tikilməkdədir. Ən son istifadəyə verilən modul tipli xəstəxana 800 nəfərlikdir və yaxın zamanlarda isə 1300 nəfərlik yeni modul tipli xəstəxana istifadəyə veriləcək. Bu xəstəxanalar virusa yoluxan yerləşdirilməsinə imkan verəcək.  Bütün bunlar hamısı qabaqlayıcı tədbirlərdir ki, hökumət vaxtında  zəruri addımları atmaqla  ən kritik varianta hazırlığını görür. Prezident cənab İlham Əliyev tərəfindən bu modul tipli xəstəxanaların tikintisi ilə bağlı sərəncamları o zaman verilmişdi ki, həmin dövrdə gün ərzində 50-60 nəfər virusa yoluxurdu. Amma indi isə gündəlik yoluxma sayı 500-dən artıqdır. Əgər bu xəstəxanalar tikilməsəydi, indi xəstələri yerləşdirməkdə  çətinliklər olacaqdı. Hazırda  koronavirusa yoluxan xəstələr respublikanın 45 xəstəxanasında fəaliyyət göstərir ki, onun 36-sı məhz ölkə başçısının sərəncamı ilə tikilib. Bundan əlavə olaraq ölkədə fəaliyyət göstərən 6 laboratoriyanın sayı 29-a çatdırılıb və daha 15 yeni laboratoriyanın alınması sifariş edilib. Bununla da laboratoriyaların sayı 44-ə çatdırılacaq. Bu isə  daha çox insanın koronavirus testinin aparılmasına imkan yaradacaq. İndiyədək ölkədə 500 mindən artıq insan koronavirus testindən keçib. Azərbaycan tesdən keçməyə görə dünyada təqribən 40-cı yerdədir” – İltizam Yusifov deyib. 

Millət vəkili onu da əlavə edib ki, hökumət bütün zəruri addımları atmaqla vətəndaşının sağlamlığını qorumağa çalışır: “Bütün bu addımlar ona görə atılır ki, üzləşdiyimiz vəziyyətdən daha  az itkilərlə çıxa bilək. Bu məsələdə vətəndaşların da üzərinə məsuliyyət düşür. Məsələni təkcə dövlətin üzərinə atmaq düzgün yanaşma deyil. Elə son vaxtlarda virusa yoluxma halının artması  bir az əvvəl qeyd etdiyim kimi bəzi vətəndaşların məsuliyyətsizliyi üzündən baş verdi. 

Məhz ona görə də dövlət yenidən vətəndaşının sağlamlığının müdafiə olunması məqsədi ilə karantin rejimini sərtləşdirmək məcburiyyəti qarşısında qaldı.  Bütün atılan addımlar vətəndaşımız saölamlığının qorunmasına yönəlib. Əgər qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, hesab edirəm ki, biz pandemiyanı nəzarətdə saxlamaq mümkün olacaq”.

Deputat onu da bildirib ki, Azərbaycan koronavirusla mübarizədə  beynəlxalq əməkdaşlığa, bu istiqamətdə həmrəyliyin yaradılmasına böyük önəm verir və lazımi addımları atır: “Pandemiyaya qarşı beynəlxalq  aləmin həmrəyliyini təmin etmədən effektiv mübarizə aparmaq mümkün deyil. Odur ki, Azərbaycan dünyada beynəlxalq həmrəyliyi və əməkdaşlığın yaranması istiqamətində bir sıra təşəbbüslərlə çıxış edərək, onları reallaşdırıb. Biz Türk Şurasının, Qoşulmama Hərkatının Zirvə görüşünün keçirilməsini, BMT Baş Assambleyasının koronavirusla bağlı xüsusi sessiyasının çarğılması təşəbbüsünü misal çəkə bilərəm. Bundan əlavə olaraq Azərbaycan qlobal pandemiyaya töhfəsini vermək üçün 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib. Bununla da  Azərbaycan dünya ölkələrinin üzləşdiyi çətin gündə dəstək olmaqla öz humanist niyyətini ortaya qoydu. Azərbaycan həmrəyliyi sözdə yox, əməldə göstərdi. Azərbaycanın bu addımları onsuz da dünyada çox yüksək imicə malik ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndirmiş oldu. Bu humanitar və maliyyə yardımı bir daha onu göstərir ki, ilk növbədə, Azərbaycan ayaqda möhkəm duran ölkədir və çətin dövrdə özünə qapanmır. Bu addımları ilə Azərbaycan dünya miqyasında çox önəmli rol oynayan ölkə kimi özünü bir daha təsdiqlədi və özünə dünya miqyasında xeyli sayda dost qazandırdı”.