Mətbuat Şurası KİV nümayəndələrinə müraciət etdi

Azərbaycan Mətbuat Şurası kütləvi informasiya vasitələrinin əməkdaşlarına müraciət edib.

XALQ.AZ xəbər verir ki, müraciətdə deyilir:

“Azərbaycan Mətbuat Şurası jurnalistlərin peşə fəaliyyətlərini sərbəst və maneəsiz həyata keçirmələrinə hər zaman ciddi önəm verib. Bunun tənzimlənməsi üçün Şuranın Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyası fəaliyyətdədir. Komissiyanın tərkibinə MŞ-nin İdarə Heyətinin üzvləri ilə yanaşı, Azərbaycan Respublikasının Baş Prokurorluğundan, Azərbaycan Respublikasının Daxili İşlər və Ədliyyə Nazirliklərindən nümayəndələr daxildir.

Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupu da var ki, onun missiyası bilavasitə kütləvi aksiyalar zamanı jurnalistlərin peşə fəaliyyətlərini sərbəst yerinə yetirmələrinə dəstək göstərilməsinə yönəlib.
Azərbaycan Mətbuat Şurası kütləvi informasiya vasitələri təmsilçilərinin peşə vəzifələrini sərbəst və maneəsiz icrasının daha səmərəli yollarını müəyyənləşdirmək, mövcud istiqamətdəki prosesləri tənzimləmək məqsədilə Daxili İşlər Nazirliyi ilə birgə koordisiya edilmiş iş rejimində fəaliyyətdədir.

Xüsusən də paytaxt Bakı şəhərində müxtəlif rəy sorğuları aparmaq, reportajlar hazırlamaq, jurnalist fəaliyyətindən irəli gələn digər tədbirlər görmək istəyən KİV əməkdaşları hər hansı çətinlik və anlaşılmazlıqla qarşılaşacaqları təqdirdə hər iki qurumun nümayəndələrindən ibarət monitorinq qrupuna məlumat verə bilərlər. Bununla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsindən və MŞ-dən nümayəndələr müəyyənləşdirilib. Onların əlaqə vasitələri aşağıdakı kimidir:

Elşad Hacıyev, Bakı Şəhər Baş Polis İdarəsi – (055) 2889553; (012) 590 68 81
Əvəz Rüstəmov, Azərbaycan Mətbuat Şurası – (050) 206 96 02; (012) 441 35 30”.

 

Orxan