Mətbuat Şurası Qusarda sənədli film təqdimatı keçirdi

İyulun 2-də Qusar rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə ərsəyə gəlmiş, tanınmış jurnalist və publisist Nəbi Rzayevin həyatından bəhs edən “Yaşamaqdan doymayanlar” sənədli filminin təqdimatı keçirilib. Bu barədə  Mətbuat Şurasından məlumat verilib.

Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev tədbirdə çıxış edərək Qusarda yaşamış və fəaliyyət göstərmiş jurnalist N.Rzayevin rayonun tanınmış ziyalılarından, söz adamlarından biri olduğunu vurğulayıb. N.Rzayevi peşəsi üçün fədakarlıq nümunəsi kimi dəyərləndirən E.Mustafayev bildirib ki, mərhum jurnalistin həyat və yaradıcılığından bəhs edən sənədli film onun ruhuna olan böyük ehtiram, əməyinə verilən mühüm qiymətdir.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun ömrünü-gününü jurnalistika peşəsinə, söz sənətinə sərf etmiş qələm adamları ilə bağlı sənədli filmlər çəkdiyini diqqətə çatdırıb. Bu baxımdan o, Qusar torpağının yetirməsi olan N.Rzayevlə bağlı ekran işinin də kifayət qədər uğurlu alındığına əminliyini ifadə edib.

Qeyd edilib ki, oçerkləri, məqalələri, esseləri dəyərli qələm sahibi Nəbi Rzayevi respublikaya sevdirib. Neçə-neçə sənət adamı Qusara gələrkən hər zaman Nəbi Rzayevi ziyarət edirdi. Belə bir ehtiramı jurnalistə sənəti qazandırmışdı. “Nəbi həyatı inanılmaz coşqu və ruh yüksəkliyi ilə sevirdi. Hesab edirəm ki, təqdimatına toplaşdığımız bu sənədli filmdə bunu göstərə bilmişik”, – deyə Ə.Amaşov bildirib.

Çıxışlardan sonra “Yaşamaqdan doymayanlar” sənədli filmi nümayiş olunub.

Qeyd edək ki, N.Rzayev Qusar rayonunun Həsənqala kəndində anadan olub. Uşaq vaxtı düzgün edilməyən müalicədən sonra ömrünün axırınadək əlil həyatı yaşayıb. Buna baxmayaraq Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Ömrünün sonunadək Qusarda yaşayıb. Məqalələri, oçerkləri və hekayələri ölkənin ən nüfuzlu mətbuat orqanlarında işıq üzü görüb. Yaradıcılığı ona bütövlükdə Azərbaycan cəmiyyətində, sənət cameəsində hədsiz populyarlıq qazandırıb. “Yaşamaqdan doymayanlar” sənədli filmində bu kimi məqamlardan, eyni zamanda N.Rzayevin ömür-gün yoldaşı Nazilə xanımın fədakarlığından söz açılıb.

Sənədli filminin ssenari müəllifi tanınmış jurnalist və publisist Bəxtiyar Qaraca, rejissoru Kəmalə Mirzəyeva, operatoru Rüstəm Paşadır.

 

Orxan