Mətbuat Şurasında görüş

41

 

 

 

Azərbaycan Mətbuat Şurasının «Tanıyaq tanıdaq» layihəsi çərçivəsində Türkiyənin Egey Universitetinin “Kök hüceyrəsi” kafedrasının qurucusu və professoru, Türkiyədə ilk Molekulyar Tibbi laboratoriyanın yaradıcısı və rəhbəri, həmyerlimiz professor Afiq Bərdəli (Afiq Hüseynov) ilə görüş keçirilib. Şuranın beynəlxalq münasibətlər komissiyasının xəttilə gerçəkləşən toplantıda “Xalq qəzeti”nin əməkdaşı Namiq Əhmədovun A.Bərdəli haqqnda qələmə aldıgı “İzmir. Soydaşlarımızın biri” kitabı təqdim olunub.

MŞ sədri Əflatun Amaşov «Tanıyaq tanıdaq» layihəsi ilə bağlı məlumat verərək bildirib ki, mövcud təşəbbüsdən məqsəd xarici ölkələrdə Azərbaycanı tanıdan həmvətənlərimizin həyat yolu və fəaliyyəti barədə ölkə mediasını və ictimaiyyətini məlumatlandırmaqdan ibarətdir. Bu xüsusda ilk tədbirin Egey Universitetinin professoru A.Bərdəli ilə keçirildiyini vurğulayan Amaşov ənənənin davamlı olacağına inamını vurğulayıb. MŞ sədri həmçinin bildirib ki, A.Bərdəli Türkiyənin ən böyük universitetlərindən olan Egey Universitetində “Kök hüceyrəsi” kafedrasının qurucusu və professorudur, eyni zamanda Egey Universitetinin Tibb fakultəsində Molekulyar Tibbi laboratoriyanın müdiridir. Egey Universitetində yaradılan bu laboratoriya bu gun nəinki butun Turkiyənin, eləcə də dünyanın səhiyyə sistemində tanınan və istinad edilən, çox şöhrətli və tanınmış bir elm mərkəzidir.

Professor A.Bərdəli Türkiyə Respublikası Səhiyyə Nazirliyinin təsdiq etdiyi “Genetik xəstəliklər mütəxəssisi”, “Uşaq xəstəlikləri mütəxəssisi”, “Revmatoloji xəstəliklər mütəxəssisi” kimi 3 uzmanlıq diplomunun sahibidir. 4 il Genova, Triest, Pisa, Bolonya Universitetlərində işləyib, Milan Universitetinin molekulyar genetika sahəsində fəlsəfə doktoru alimlik dərəcəsi elmi adının daşıyıcısıdır. Elmi fəaliyyəti ilə əlaqəli olaraq ABŞ-ın, Kanadanın, Avstraliyanın, Almaniya, Fransa, Hollandiya, İspaniya, Avstrya, Rusiya və Lüksemburqun unverstetlərindən dəfələrlə dəvət alıb.

MŞ-nin beynəlxalq münasibətlər komissiyasının sədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, xarici ölkələrdə bütün sahələrdə çalışan soydaşlıramızın uğuru sevindirici haldır. Onlar da ölkələrində fəaliyyətlərinə maraq və diqqət görəndə sevinirlər. MŞ də məhz bunu əsas götürərək «Tanıyaq tanıtdıraq» layihənin icrasına başlayıb. Mövcud prosesdə kütləvi informasiya vasitələrinin rolu həmin şəxsləri ictimaiyyətə daha yaxından tanıtdırmaqdır: «Belə dəyərli simalarımızdan biri də professor Afiq Bərdəlidir. Onun çoxşaxəli elmi yaradıcılığı tibb elminə böyük töhfədir. Hesab edirəm ki, belə adamları cəmiyyətimiz daha yaxından tanımalıdır».

“İzmir. Soydaşlarımızın biri” kitabının müəllifi Namiq Əhmədov bildirib ki, A.Bərdəli Türkiyədə ilk dəfə olaraq molekulyar-genetik labarotoriyanı yaradıb. Onun fəaliyyəti qardaş ölkənin KİV-lərində böyük maraq doğurub. «Afiq müəllimin yaratdığı labarotoriyada üç il ərzində 80 mindən artıq insan müalicə olunub. Bu son dərəcə böyük uğurdur. Görünür, elə buna görə də Qərb ölkələrindən həmyerlimizə çoxsaylı iş təklifləri olub. Lakin o, Türkiyədə yaşamağı və fəaliyyət göstərməyi üstün tutub».

Çıxış edənlərdən MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov, MŞ-nin İdarə Heyətinin üzvləri – «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət, Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz, mədəniyyət müşaviri Seyid Əhməd Arslan, Bioloji Təbabət Klinikasının təsisçisi və direktoru Elxan Yaqubov və başqaları A.Bərdəli kimi Azərbaycandan kənarda uğurla fəaliyyət göstərən həmvətənlərimizin həyat və fəaliyyətinin ölkə ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğularaq bu işdə medianın üzərinə də böyük missiyanın düşdüyünü müxtəlif faktlarla əsaslandırıblar, “İzmir. Soydaşlarımızın biri” kitabının müəllifi N.Əhmədova təşəkkürlərini bildiriblər. Onlar həmçinin professor A.Bərdəliyə gələcək işlərində uğurlar arzulayıblar.

Sonda çıxış edən professor A.Bərdəli xoş sözlərə və səmimi qəbula görə tədbir təşkilatçılarına təşəkkürünü bildirib.