Məzahir Əfəndiyev: “Azərbaycanın təhsil sistemi koronavirus imtahanından ƏLA qiymət alıb”

Dünyanı bürüyən COVID-19 pandemiyası tədris ilinin qızğın dövrünə təsadüf etsə də, Azərbaycanın təhsil sistemi bu ağır vəziyyət qarşısında duruş gətirməyi bacardı. Xüsusilə televiziya dərsləri vasitəsilə tədrisin fasiləsiz həyata keçirilməsinə dair Təhsil Nazirliyinin qərarı ictimaiyyət tərəfindən böyük rəqabətlə qarşılanıb. Bu format bütün ölkə boyu davamlı təlim-tədris prosesini təmin etmək iqtidarındadır.

Məsələyə toxunan Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin XALQ.AZ-a bilidrib ki, son illər ərzində vətəndaşlarla əlaqəli bir çox iş mexanizmlərinin elektron formata keçirilməsi rahatlıq, şəffaflıq, obyektivlik baxımdan xeyli irəliləyişə nail olmaq imkanı verdi: “Koronavirus pandemiyası dövründə ən çox sınaqdan keçmiş sahələrdən biri də təhsil sektoru oldu. Mart ayının 3-dən etibarən ölkəmizin bütün təhsil müəssisələrində tədris prosesinin dayandırılması təhsil sistemimizin qarşısında mühüm çağırışlar qoyub. Bunlardan ən əsası şagird və tələbələrin tədris prosesinin davamiyyətini təmin etmək məqsədilə onlayn tədrisə keçidin reallaşdırılması idi. Bu yöndə karantinin ilk günlərindən etibarən Təhsil Nazirliyi tərəfindən operativ tədbirlər görülüb, nəticədə “Virtual məktəb” və teledərslər layihələri uğurla icra olunmaqdadır. Bu təşəbbüslərin uğurudur ki, 2 milyondan çox şagird təhsilini davam etdirməkdədir. Eyni zamanda aprelin 27-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Təhsil naziri Ceyhun Bayramovun qeyd etdiyi kimi, 95 min tələbə onlayn platformalar üzərindən təhsil alır. Bu keçid prosesində cəlb olunan yeni texnologiyalar və insan resursları milli təhsil sistemində son illər ardıcıl şəkildə aparılmış islahatların bəhrəsidir”.

Deputat onu da vurğulayıb ki, cəmiyyətimizə sağlamlığla yanaşı, təhsil də vacib şərtlərdəndir. Hər ikisi bizim üçün ali dəyərdir. Biz həmişə dövrün tələblərinə uyğunlaşmağa çalışırıq: “Azərbaycan hökuməti hər iki dəyərin qorunub saxlanmasını təmin edib. Bu gün müəllimlərin işə qəbulu, uşaqların 1-ci siniflərə, məktəbəqədər hazırlıq qruplarına qəbulu, peşə məktəblərinə qəbul işləri, şagirdlərin və tələbələrin başqa məktəbə köçürülməsi elektron formatda həyata keçirilir”.

Məzahir Əfəndiyev burada onlayn təhsilin digər bir üstün cəhəti olan, təhsil formasının inklüzivliyinə toxunub. Deputatın qənaətincə, daha aydın desək, tədris prosesinin onlayn əsaslar üzərində qurulması müxtəlif qruplar üçün təhsilin əlçatanlığını artıra bilər. Bu xüsusilə əlilliyi olan uşaq və gənclərə aiddir: “Tədris prosesinin onlayn təşkil olunması bu qeyd etdiyim qrupa aid olan insanların ev şəraitində təhsil almaqlarına imkan yaradacaqdır. Düşünürəm ki, hazırki vəziyyətdən öyrənəcəyimiz təcrübə gələcəkdə hər kəs üçün keyfiyyətli təhsilin və həyat boyu öyrənmək imkanlarının təminini hədəfləyən 4-cü Davamlı İnkişaf Məqsədinin milli səviyyədə reallaşmasına böyük təkan verəcəkdir. Bütün bunları nəzərə alaraq qürurla vurğulamaq olar ki, bir çox inkişaf etmiş ölkələrdən fərqli olaraq Azərbaycan Respublikasında vaxtında verilmiş operativ qərarlar gənclərimizin təhlükəsizliyini, sağlamlığını təmin etməklə yanaşı, onların təhsilə çıxış imkanlarını da qorudu