Məzahir Əfəndiyev: Mülki əhaliyə qarşı silah işlətmək erməni faşizminin və barbarlığının sübutudur

Ermənistan silahlı qüvvələrinin bölmələrinin iyulun 12-dən başlayan təxribatları davam edir. İtkilərimiz olsa da, erməni qüvvələrinə misli görünməmiş zərbələr endirilib. Ermənilərin artil­leriya atəşləri nəticəsində mülki şəxs həlak olub. Müki əhalini ağır silahlardan atəşə tutmaq erməni faşizminin və barbarlığının sübutudur. Bu fikirləri Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.

Deputat deyib: “Bundan əvvəlki dövrdə də ermənilər yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutublar. Bunun nəticəsində mülkii vətəndaşlar həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan dəyib. Beynəlxalq ictimiayyət, ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə rekasiya verməli və ciddi qınanılmalıdır”.

M.Əfəndiyev deyib ki, Ermənistanın bu cür təxribatlara əl atmasının ən əsas səbəblərindən biri də son dövrlər Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, Prezidentin irəli sürdüyü qlobal təşəbbüslərin – Qoşulmama Hərəkatının Zirvə toplantısı, BMT Baş Assambleya­sının xüsusi iclasının keçirilməsi kimi məsələlərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsidir. Şübhəsiz ki, Azərbaycanın diplomatik cəbhədə bu uğurları Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Onlar psev­dopatriot bəyanatlar vermək və uğursuz hərbi diversiyalar təşkil etməklə erməni ictimaiyyəti qarşısında vəziyyətdən çıxma­ğa çalışırlar.

Deputat qeyd edib ki, bu cür uğursuz­luqlarla üzləşən Ermənistan hakimiyyəti cəbhənin müxtəlif yerlərində təxribatlar yaratmaqla məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Tovuz istiqamətində gedən döyüşlərdə erməni tərəfinin uydurmaları, ölənlər haqqında məlumatları gizlətməsi, guya Azərbaycanın hərbi mövqelərinin və yeni yüksəkliklərin ələ keçirilməsi kimi dezin­formasiya Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub, əhali və fəal sosial şəbəkə istifadəçiləri bu məlumatları kinayə ilə qarşılayaraq etiraz aksiyalarına başlayıblar. Paşinyan hakimiyyəti hesab edir ki, cəbhədə bu cür təxribatlar yarat­maqla öz səriştəsiz idarəçiliyi nəticəsində yaranan problemləri gündəmdən çıxarmaq və hakimiyyətinə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq.

“Azərbaycan Ordusu hər an ayıqdır və erməni təxribatına cavab olaraq düşmənə sarsıdıcı zərbə vurmaq əzmindədir. Artıq Müdafiə Nazirliyinin yaydığı görüntülərdə də bu aydın oldu. Azərabaycan xalqı, ictimaiyyətimiz də öz ordumuzun yanında­dır”, – deyə M. Əfəndiyev əlavə edib.

XALQ.AZ