Mahir Abbaszadə Ağcabədi rayonunda məskunlaşmış laçınlılarla görüşüb – FOTO

121 saylı Laçın seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Mahir Abbaszadə təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü Ağcabədi rayonunda müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərlə keçirib.

XALQ.AZ xəbər verir ki, 300-ə yaxın seçicinin qatıldığı görüşdə çıxış edən Mahir Abbaszadə YAP sədri, Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən islahatlardan danışıb. O qeyd edib ki, məcburi köçkünlərin problemlərinin həlli dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Bununla yanaşı, dövlət məcburi köçkünlərin ən böyük arzusu – doğma torpaqlarına qayıtmaq istəyinin reallaşdırılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqlar aparır. Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan beynəlxalq hüququn ona verdiyi bütün  imkanlardan yararlanaraq torpaqlarını geri qaytaracaq.

M.Abbaszadə özünün 5-ci çağırış Milli Məclisdə gördüyü işlər barədə hesabat verib və bundan sonrakı dönəm üçün platformasının əsas tezislərini açıqlayıb.

Daha sonra Laçın sakinləri çıxış edib, namizədin ötən illərdəki deputatlıq fəaliyyətini dəyərləndirib. Qeyd olunub ki, Mahir Abbaszadə bir millət vəkili kimi həmişə seçicilər üçün əlçatan olub, onların müraciətlərinin və problemlərinin həllinə həssaslıqla yanaşıb, qaldırılan məsələlərin müsbət həlli üçün çalışıb. Eyni zamanda, Mahir Abbaszadənin şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlarına xüsusi diqqət ayırması yüksək qiymətləndirilib. Onun deputat olduğu dönəmdə həmçinin təhsil problemlərinə ayrıca önəm verdiyi vurğulanıb. Namizədin fəal seçkiqabağı təşviqat kampaniyasını mətbuatdan və sosial şəbəkələrdən diqqətlə izlədiklərini deyən tədbir iştirakçıları qeyd edib ki, istər Bakı şəhəri, istərsə də regionlarda keçirilən görüşlərdə Laçın əhalisinin fəal iştirakı Mahir Abaszadənin seçicilərinin etimadını doğrultduğunu göstərir.

Sonda Mahir Abbaszadə seçicilərinə təşəkkür edib və xalqa xidmət etməyin çox şərəfli və məsuliyyətli bir iş olduğunu deyib. Qeyd edib ki, növbəti dəfə parlamentə seçilərsə, Laçın sakinlərinin problemlərinin həlli, seçicilərinin müraciətlərinin aidiyyəti qurumlara çatdırılması və müxtəlif səviyyələrdə qaldırılması üçün əlindən gələni əsirgəməyəcək, hər bir seçicisinin səsi olacaq.

Qeyd edək ki, Laçın rayonundan olan məcburi köçkünlər Azərbaycanın 58 rayonunda məskunlaşıb. Onların səsvermədə iştirakını təmin etmək üçün 121 saylı Laçın seçki dairəsinin ölkə üzrə 102 seçki məntəqəsi fəaliyyət göstərir.

XALQ.AZ