Makedoniya Prezidentinə “Azərbaycanın dostu” qızıl ordeni təqdim edildi

Makedoniya Respublikasının Prezidenti George İvanova Skopye şəhərində “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın dostu” qızıl ordeni təqdim edilib.
Mükafatı George İvanova dövlət başçısının iqamətgahında “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli təqdim edib. Makedoniya dövlətinin başçısı onu bu ordenə layiq gördüklərinə görə jurnalın redaksiya şurasına və kollektivinə minnətdarlığını bildirib.
Prezident George İvanov Azərbaycan ilə münasibətlərin möhkəmləndirilməsi üçün ölkəmiz tərəfindən həyata keçirilən işləri yüksək qiymətləndirib, tərəfdaşlığın gücləndirilməsinin və maksimum istifadə olunmasının vacibliyini bildirib. Azərbaycan-Makedoniya dostluq əlaqələrinin və iki ölkə arasında energetika, əczaçılıq və digər sahələrdə qarşılıqlı əməkdaşlığın gündən-günə inkişaf etdiyini qeyd edən George İvanov siyasi münasibətlərin əla səviyyədə olduğunu bildirərək iqtisadi sahədə əlaqələri gücləndirməyin zəruriliyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Makedoniya arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu söyləyən Emil Nəsirli iki ölkə xalqları arasında dostluğun dərin tarixi köklərə malik olduğunu vurğulayıb. O, əlaqələrin inkişafında hər iki ölkənin rəsmilərinin xüsusi rola malik olduğunu qeyd edərək, Azərbaycanın və Makedoniyanın dövlət orqanları arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. Baş redaktor Makedoniya Respublikasının Prezidenti George İvanovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Bakıda və müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində görüşlərinin hər iki ölkənin ictimai-siyasi, sosial-iqtisadi sferalarda həyata keçirdikləri strategiyanın uğurla davam etdirilməsinə xidmət etdiyini bildirib.
İkitərəfli əlaqələrdə qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayan Emil Nəsirli Prezident George İvanov ilə bu ilin mart ayında Azərbaycanın paytaxtında keçirilən VI Qlobal Bakı Forumunda görüş zamanı Prezidentin Azərbaycana olan diqqətinin və ikitərəfli əlaqələrdə qarşılıqlı dəstəyin əhəmiyyətinə qiymət verdiyinin şahidi olduğunu xatırladıb. “Siz nüfuzlu dövlət xadimi kimi Makedoniya-Azərbaycan əməkdaşlığının uğurlu inkişafı üçün önəmli addımlar atmısınız və Azərbaycan-Makedoniya münasibətləri çərçivəsində qarşılıqlı faydalı layihələrin reallaşdırılmasında zəruri addımların atılmasına nail olmusunuz. Konstruktiv qarşılıqlı fəaliyyətin gələcəkdə də davam edəcəyinə ümid bəsləyirik və inanırıq ki, bu fəaliyyət Azərbaycan və Makedoniya xalqları arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək. Jurnalın kollektivi “Azərbaycanın dostu” qızıl ordeninə layiq görülməyinizdən məmnun olduğunu bildirir, Azərbaycan-Makedoniya dostluğunun möhkəmləndirilməsi istiqamətində gördüyünüz işləri yüksək qiymətləndirir”, – deyə Emil Nəsirli qeyd edib.