“Makronun verdiyi bəyanat BMT-nin 4 qətnaməsinə də ziddir” – Cavid Osmanov

Cavid Osmanov

“Fransanın son günlərdə yaydığı bəyanat insanlarda təəssüf hissi doğurub. Hər halda biz bilirdik ki, Fransa Prezidenti Emmanuel Makron Ermənistana meyilli bir fiqurdur”

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında deputat Cavid Osmanov deyib. O bildirib ki, Makronun bu qədər açıq şəkildə bəyanat verməsi qəbuledilməzdir:

“Birincisi, Fransa ATƏT-in Minsk qrupunun həmsədridir və bu qrupun həmsədr ölkələri birbaşa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışırlar. Fransanın bəyanatı bir daha sübut etdi ki, bundan sonra danışıqlar prosesi nə qədər davam etsə də, sözügedən ölkənin mövqeyi hər kəsə bəllidir. Artıq Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin siyahısından çıxarılması mütləqdir. Makronun verdiyi bu bəyanat eyni zamanda BMT-nin 4 qətnaməsinə də ziddir. 

Beləliklə, Fransa özü səs verdiyi qətnamələri təkzib edir və onları sadəcə kağız parçası kimi qiymətləndirir. Fransanın bəyanatı Makronun tarixi saxtalaşdırması fikrini formalaşdırır və onun yaxın tarixdən bixəbər olduğunu nümayiş etdirir. Makron bu bəyanatı ilə növbəti seçkilərdə Fransada fəaliyyət göstərən bir milyon yarımlıq erməni lobbisinin səsini qazanmağa çalışır.

Digər tərəfdən, Fransanın bir çox ölkələri ərazilərini öz işğalı altında saxlaması heç kimə sirr deyil. Fransa Əlcəzairdə, Vyetnamda, Çadda, Qabonda, Tunisdə və digər ölkələrdə milyonlarla insanların həyatına son qoyan, onları dillərini dəyişdirməyə sövq edən bir ölkədir. Bunlar hamısı qəbuledilməz hallardır.

Azərbaycan bu gün işğalçıya qarşı vətən müharibəsi aparır. Bu savaş Azərbaycanın itirilmiş torpaqlarını azad etmək uğrunda aparılan müharibədir. Bu bizim haqq işimizdir. Dağlıq Qarabağ mübahisəli ərazi deyil. Bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağın Azərbaycanın tarixi torpağı olduğu qeyd olunur. Belə təhdid xarakterli bəyanatlar xalqımızın, ölkə rəhbərliyimizin siyasi iradəsini qıra bilməz. Əksinə, belə olan halda Azərbaycan xalqında vətənpərvərlik ruhu daha da yüksəlir.

Biz son damla qanımıza qədər vuruşaraq işğal edilmiş torpaqlarımızı düşməndən azad edəcəyik. Makron bu cür bəyanatlar verməmişdən öncə birinci güzgüdə özünə baxsın, ondan sonra danışsın. O, bu bəyanatı ilə əlini Xocalı soyqırımında və digər rayonlarımızın işğalı zamanı həlak olan vətəndaşlarımızın qanına bulaşdırmış oldu”