MALAYZIYA BAŞ NAZIRININ XÜSUSI MƏSLƏHƏTÇISI: DAĞLIQ QARABAĞDA HƏYATINI ITIRƏN GƏNCLƏR AZƏRBAYCAN ÜÇÜN BÖYÜK ITKIDIR

Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Gənclər Qolunun ikinci toplantısı öz işinə başlayıb. Malayziya Baş nazirinin xüsusi məsləhətçisi Dato Seri Şahidan Kasım çıxışı zamanı bildirib ki, İCAPP Gənclər Qolunun ikinci toplantısı çox məhsuldar olacaq:

 “Mən çox optimistəm ki, bizim ötən müddət ərzində gördüyümüz işlər 2015-ci ildə öz nəticələrini verəcək. Bu toplantıya Asiya ölkələrindən olan müxtəlif baxışlara malik gənclər qatılıblar. Bu günün gəncləri sabahın liderləridir. Bu isə imkan verir ki, onlar gələcəyin siyasətçisi, lideri kimi qətiyyətli və vacib qərarlar qəbul edə bilsinlər”.
Malayziya Baş nazirinin xüsusi məsləhətçisi öz çıxışında Dağlıq Qarabağ münaqişəsi nəticəsində xeyli saylı gəncin öz həyatını itirdiyinə görə təəssüfləndiyini bildirib: “Dağlıq Qarabağ münaqişəsi nəticəsində xeyli saylı gənc öz həyatını itirib və bu da Azərbaycan üçün böyük itkidir. Eyni zamanda Yaxın Şərqdə baş verən hadisələrdə gənclər həyatlarını itirirlər. Biz çalışmalıyıq ki, baş verən hadisələrdə gəclərdən düzgün istifadə edək. Liviyada, Misirdə baş verən hadisələr onu göstərir ki, bəzən gənclər düşünmədən bu proseslərə qoşulurlar və nəticədə üsyanlar, digər ağır proseslər yaşanır. Gənclər cəmiyyətin əsas hərəkətverici qüvvəsidir. Hesab edirəm ki, istədiyimiz məqsədlərə çatmaq üçün gənclər düzgün istiqamətləndirilməlidir. Çünki gənclər bizim gələcəyimizdir. Asiya kimi böyük bir regionda gənclərdən düzgün istifadə edə bilmək üçün İCAPP olaraq səylərimizi birləşdirməliyik”.