Maradona ispan hakimi tənqid etdi

Maradona

“Futbol üzrə dünya çempionatının dörddəbir final mərhələsində Braziliya və Kolumbiya yığmaları arasında keçirilən və 2:1 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatan matçın baş arbitri Karlos Velasko Karbalyonun (İspaniya) fəaliyyəti qeyri-qənaətbəxşdir”.

XALQ.AZ-ın məlumatına görə, bunu əfsanəvi argentinalı futbolçu Diyeqo Maradona bildirib.

Onun sözlərinə görə, hakimin hərəkətləri fəlakətli, qorxunc olub, yalnız nifrət doğurub.

Argentinalı futbolçu deyib: “Biz Braziliya yığmasına haqq qazandırmalıyıq. O, turnirin ən yaxşı matçlarından birini keçirib, lakin son on ildə bu qədər pis hakimlik edən görməmişdim. Fernandinyo Xames Rodrigesə qarşı beş və ya altı fola yol verməsinə baxmayaraq, ona xəbərdarlıq olunmadı. Qaydanı pozduğuna görə Julio Sezar oyundan kənarlaşdırılmadı”.

Qeyd edək ki, dünya çempionatını vaxtından əvvəl tərk etmək məcburiyyətində qalan braziliyalı Neymara etdiyi kobudluğa görə Kolumbiya yığmasının müdafiəçisi Xuan Sunyiqaya da sarı vərəqə verilmədi.